TERMİNOLOGİYA

blog

TERMİNOLOGİYA

Yeni yaranmış LED texnologiyası özü ilə birlikdə leksikamıza yeni terminlər gətirməklə yanaşı, bəzi terminlərin əhəmiyyətini də artırmışdır. Kommersiya məqsədli LED lampalar haqqında məqalələrdə və qutuların üzərlərində əsasən aşağıdakı terminlərdən istifadə edilir:

Watt (vatt). Lampalarda vatt müəyyən miqdarda işıq buraxmaq üçün 1 saatda tələb olunan enerjini göstərmək üçün ölçü vahididir. Yuxarı vatt parlaqlığın yuxarı olduğunu, yaxud LED lampanın az qənaətcil olduğunu bildirir. Normalda, LED lampalarda 1 vatt ən azı 90 lümen (parlaqlıq ölçüsü) parlaqlıq təmin etməlidir. Parla®   lampalarında 1 vatt 110 lümen parlaqlıq təmin edir.

Useful Lifetime (Faydalı istismar dövrü). LED lampa qutuların üzərindəki faydalı istismar dövrü həmin lampanın statistik olaraq, ideal şəraitdə ortalama neçə saat işləyəcəyini göstərir. İstehsal texnologiyasından fərqli olaraq bu faydalı ömür 10000 saat ilə 50000 saat arasında dəyişir. Qeyd olunmalıdır ki, keyfiyyətli ənənəvi lampaların 4000 saata qədər ömrü olur.  Nəzərə alsaq ki, lampalar gün ərzində ortalama 7saat istifadə olunur, 10000 saat ömrü olan LED lampa hər gün istifadə olunduqda, (10000/7=1428 gün /365 ) 3,9 il istifadəyə yararlı olacağı deməkdir. Təbii ki, bu rəqəmlər ideal şəraitdə istifadə olunduqda, özünü doğruldacaqdır.

Qeyd olunmalıdır ki, bəzi qeyri-professional LED lampa istehsalçıları heç bir test və sertifikat olmadan, qutunun üzərinə 25.000 hətta 35.000 saat qeyd edirlər, amma bu rəqəmlər həqiqəti əks etdirməyə bilər.

CCT yaxud °K. CCT (Color Correlated Temperature) yaxud K (Kelvin) ağ rəngin tonunu göstərir. Həmin göstəricinin ölçü vahidi Kelvin (K) olub 1000 və 10000 arasında dəyişir. Ev şəraitində istifadə üçün nəzərdə tutulan LED lampalar 2000K və 6500K arasındakı göstəricilərlə istehsal olunur. Ənənəvi olaraq sarı rəngli lampalarla analoq təşkil edən sarımtıl ağ diapazonu 2000-3000K aralığında olur. Spiral KFL lampalardakı rənglə eyni olan neytral ağ rəng diapazonu  3100K-4500K aralığında olur və gündüz işığı rənginə bənzəyən ağ səciyyəvi olaraq 4600K-6500K arasında dəyişir.

Qeyd edilməlidir ki, ağ rəng tonu lampanın keyfiyyətindən xəbər vermir. Sadəcə olaraq, müxtəlif mühitlər üçün müxtəlif ağ rəng tonları istifadə oluna bilir. Bu haqda, digər səhifəmizdə ətraflı məlumat əldə edə bilərsiniz.

CRI. CRI (Color Rendering Index) lampanın işıqlandırmasının gün işıqlandırmasına nə qədər yaxın olduğunu ölçür. Məsələn,  qırmızı almanın qırmızı görünməsi üçün yüksək CRI lazımdır. CRI dəyəri nə qədər yuxarıdırsa, o,  təbii işıq mənbəyinin yaratdığı rənglərə bir o qədər yaxındır, yəni qırmızı alma öz təbii çalarındakı qırmızı alma kimi görünəcək. Adi LED lampaları üçün 80+ CRI dəyəri normaldır.

PF. PF (Power Factor) göstəricisi LED işıq mənbəyinin elektrik enerjisini nə qədər effektiv istifadə etdiyini göstərir. Tipik olaraq, PF nə qədər 1 rəqəminə (100%-ə) yaxın olarsa, bir o qədər yaxşıdır. Məsələn, >90% PF göstəricisi  elektrik enerjisini 90%-nin lazım olduğu kimi işıqlandırmağa sərf olunduğunu bildirir. Bu nəinki istehlakçıların qənaət etməsinə, həm də elektrik şəbəkəsinin yüklənməsi məsələlərinə yardım edir. Bu səbəbdən, bəzi ölkələrdə dövlət >90% PF göstəricisi olan lampalar və digər cihazlar üçün xüsusi subsidiya proqramı həyata keçirir.

Lümen. LED lampaların ən vacib göstəricilərindən olan bu ölçü vahidi “Luminous Flux” -u yəni lampanın yaydığı parlaqlığı ölçmək üçündür. Normalda, yuxarı lümen göstəricisi yüksək parlaqlıqdan xəbər verir. Bu göstəricinin əksər istehlakçılar tərəfindən  ölçülməsi mümkün deyil, onlar xüsusi avadanlıqlarda ölçülərək təyin edilməlidir. Bu səbəbdən, bəzi qeyri-peşəkar istehsalçılar LED lampa qutularının üzərində həqiqəti əks etdirməyən lümen rəqəmlərini göstərirlər. Bütün Parla®   lampalarının parlaqlığı sənaye standartlarına uyğun olan xüsusi cihazlarda test edildikdən sonra, istehlakçılara təqdim olunur.

IP 65. Bu termin məhsulun toza və suya  davamlı olduğunu göstərən koddur. Bir məhsulun toza və suya qarşı davamlı olmağını IEC529 BSEN60529 beynəlxalq standartlarına uyğun aparılan testlərdən sonra qeyd etmək düzgündür, əks halda bu istehlakçıların yanlış istiqamətdə yönləndirilməsi deməkdir. Parla®   lampaları suya qarşı davamlı olmadığı üçün, onların sadəcə IP 20 standartına uyğun olduğu göstərilir.

ROHS.  Bu termin təhlükəli maddələrin məhdudlaşdırılması üçün standartlara uyğun istehsalın həyata keçirildiyini göstərir. Sadə sözlə desək, LED lampalarında civə və digər təhlükəli maddələr olmadığı üçün bu beynəlxalq standartın tələblərinə cavab verir.

No Flickering (İşıq sayrışmasının olmaması). Bu termin lampanın işığının tez-tez yanıb sönməsi yaxud sayrışması olmadığını göstərir. 0% sayrışması olan işıq mənbəyi onun parlaqlığının sayrışmadığını göstərir, 100% sayrışması olan işıq mənbəyi isə bu növün hər saniyə sönüb-yandığını göstərir. LED lampalarda xırda sayrışmalar gözə görünməyə bilər, amma bu sayrışma səhhətimizdə göz ağrısı, yorğunluq, başağrısı, habelə diqqətin cəmlənməsində çətinlik yaratmaqla, fiziki və nevroloji problemlərə səbəb ola bilər. Əvvəllər istehsalçılar sayrışmanın qarşısını almaqda çətinlik çəksə də, hal-hazırda keyfiyyətsiz istehsalçıların məhsullarından başqa demək olar ki, heç bir LED lampada sayrışma yoxdur.