Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ səfəri – XÜLASƏbackend

Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ səfəri - XÜLASƏ

Ötən gün ABŞ-a səfər edən Xarici İşlər naziri Ceyhun Bayramov rəsmilərlə görüşləri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar aparıb.

PARLA xəbər verir ki, nazir ilk olaraq ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

XİN-dən bildirilib ki, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

İşgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn ilə görüşən nazir ABŞ rəsmisinə bölgədə mövcud olan son vəziyyət, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, azərbaycanlı mülki əhalinin və yaşayış məntəqələrinin hədəf alınması, dinc əhali arasında çoxsaylı itkilərin olması, Ermənistanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə ətraflı məlumat verib.

Bölgədə davamlı sülhün və rifahın təmin olunması üçün işğal faktının aradan qaldırılması və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmətin təmin olunmasının vacibliyi vurğulanıb. Tərəflər, həmçinin ölkələr arasındakı əməkdaşlıq gündəliyinə daxil olan məsələlər üzrə fikir mübadiləsi aparıblar.

ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə isə nazir Ceyhun Bayramov bir daha Ermənistan tərəfinin iki dəfə humanitar atəşkəsi pozduğunu, azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutaraq, münaqişə zonasından kənarda yerləşən şəhərləri və yaşayış məskənlərini raket hücumuna məruz qoyduğunu diqqətə çatdırıb.

Nazir, Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə bəyanatını həmsədrlərin diqqətinə çatdırıb. Bildirib ki, bütün bu addımlar və bəyanatlar Ermənistan tərəfinin destruktiv siyasətini bir daha aydın şəkildə nümayiş etdirir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüş zamanı nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycanın münaqişə zonasından uzaq məsafədə yerləşən şəhərlərinə raket zərbələri endirdiyini və üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışdığını vurğulayıb.

Spiker Nensi Pelosi regionda tezliklə döyüş əməliyyatlarının dayandırılmasına və humanitar atəşkəs rejiminin bərpa edilməsinə ümid etdiyini bildirib. Spiker, həmçinin münaqişəyə digər dövlətlərin müdaxilə etməməsinin və münaqişənin daha geniş vüsət almamasının vacibliyini qeyd edib və danışıqların tezliklə bərpa edilərək ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdiriləcəyinə inamını ifadə edib.

Görüşdə, həmçinin ikitərəfli münasibətlərin inkişaf dinamikası və narahatlıq doğuran digər məqamlar ətrafında fikir mübadiləsi aparılıb.

 

www.parla.az