Xalq artisti Əjdər Həmidov vəfat etdibackend

Xalq artisti Əjdər Həmidov vəfat etdi

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.

Bu barədə məlumatı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O, Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: “Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi”.

Qeyd edək ki, Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Onun Vəzir (“Lənkəran xanının vəziri” M.F.Axundov), (“Tamahkar” S.S.Axundov), Milis (“Bəxt üzüyü” V.Səmədoğlu), Məlik (“Adamın adamı” Anar), Sərsəri (“Bütün Şərq bilsin” N.Həsənzadə), Dursunəli (“Dursunəli və ballıbadı” S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanıb.

  • Aktyor “Azərbaycanfilm”in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. “Kişi sözü”ndə Qasım, “Lətifə”də Əhməd, “Hacı Qara”da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən “Yoxlama” adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Əjdər Həmidov 2002-ci ildə Əməkdar Artist, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

www.parla.az