Vyanada terror aktı: Ölənlərin sayı artmaqdadırbackend

Vyanada terror aktı: Ölənlərin sayı artmaqdadır

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tvitter səhifəsində Vyanada baş vermiş terror aktı ilə bağlı paylaşım edilərək başsağlığı verilib:

“Vyanadakı dəhşətli hücumlar nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını diləyirik.

Azərbaycan terrorizmdən əziyyət çəkən bir ölkə olaraq terrorizmin bütün formalarını və təzahürlərini pisləyir”.

Qeyd edək ki, Vyanada tüfənglə silahlanmış bir neçə nəfər altı fərqli məkanda ətrafa atəş açıb. Hücumlardan biri Şvedenplats meydanında, sinaqoqun yaxınlığında baş verib. İlkin xəbərlərdə hücumun əsas hədəfinin sinaqoq olduğu barədə məlumatlar yayılıb.

Yəhudi Dini İcmasının Prezidenti Oskar Doyç isə Avstriya Teleradiosuna (ORF) müsahibəsində bildirib ki, cinayətkar dəstə sinaqoqu hədəfə almayıblar. O, sinaqoqun daim mühafizə edildiyini və həmin saatda məbəddə heç kimin olmadığını bildirib.

Son məlumata görə, baş verən silahlı hücumlar nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

Polis silahlı şəxslərdən birini zərərsizləşdirə bilib. Silahlılardan dördü təslim olsa da, digər üçü hadisə yerindən qaçıb. Hazırda şübhəli şəxslərin axtarışı üçün əməliyyat keçirilir.

Avstriya Kansleri Sebastyan Kurtz Vyanada baş vermiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, silahlı insidentin motivləri hələ məlum deyil.

Əhaliyə ictimai yerlərdə olmamaq tövsiyə olunub, məktəblər də bağlanıb. Avstriya, qonşu ölkələrlə razılaşaraq, təhlükəsizliyin artırılması çərçivəsində sərhəd nəzarətini gücləndirib.(report.az)

 

 

www.parla.az