Üzeyir Hacıbəyov və Mill Musiqi günübackend

Üzeyir Hacıbəyov və Mill Musiqi günü

18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Üzeyir Hacıbəyov qoca şərq üslubunun qızıl kərpiclərindən Azərbaycan musiqisinin möhtəşəm sarayını ucaltdı.

“Hər bir bəşərilik millilikdən başlayır” deyən Üzeyir bəy, Azərbaycan milli musiqisinə bəşəri don geyindirdi. Azərbaycan xalq musiqisini akademik hala salan Hacıbəyov, “mən xalqın olanını xalqa qaytardım” deyirdi.

Maestro Niyazi Üzeyir Hacıbəyov haqqında yazırdı: “Bəzi Qəbri Avropa ölkələri opera sənətində inkişaf yolunun 300 ilə keçdiyi halda, Azərbaycan bu yolu Üzeyir Hacıbəyov sayəsində 30 ilə keçdi”.

Üzeyir bəy belə hesab edirdi ki, Azərbaycanda opera sənəti Avropa ölkələrindən daha qədim tarixə malikdir. Avropada opera 17-ci əsrdə yaransa da, Azərbaycanda operanın yaranma prosesi 8-ci əsrdən başlayır. O, “şəbeh” adlanan dini tamaşaları operanın əcdadı hesab edirdi.

Müsəlman şərqində ilk operanın banisi də Üzeyir Hacıbəyovdur. Azərbaycanda ilk opera tarixi “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Üzeyir Hacıbəyov publisistik məqalələrində aşıqları “bədəvi”, muğamatçıları isə “mədəni” adlandırırdı. Ona görə də “Koroğlu” operasının üsyan səhnələrində aşıq musiqisindən, saray səhnələrində isə muğamatdan istifadə edib.

Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb.

Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır.

www.parla.az