Türkiyəli jurnalist: “Ölümü hər an hiss edirəm, qarşımızda terrorçu ölkə var”backend

Türkiyəli jurnalist: "Ölümü hər an hiss edirəm, qarşımızda terrorçu ölkə var"

II Qarabağ müharibəsi başlayan ilk gündən Türkiyənin “CNN TÜRK” telekanalı tərəfindən ölkəmizə ezam olunmuş Fulya Öztürk İctimai TV-nin efirində öz hisslərini bölüşərək, son bir ayda yaşadığı çətin anlardan danışıb:

“Gəncədə ilk terror baş verən zaman şəkillərdə gördüyünüz o körpənin dağıntılar altından çıxarıldığı ana şahid oldum. Uşağın əli mənə dəyəndə özümü itirdim. Operatorumuz Halil Kahraman həm mənə “sakit ol” deyirdi,  həm də çəkiliş edirdi. Azyaşlı uşağın əli mənə dəyərkən yaşadığım o təması həyatım boyu unutmayacam. Özümü saxlaya bilmədim, isyan etmək istədim. Bəlkə o gün mən orada ölən körpələrin, günahsız insanların səsi idim. Bəlkə daha çox şey demək olardı. Çünki bu sadəcə müharibə deyil. Bu qətliamdır. Suriya kimi bir çox təhlükəli yerlərdə olmuşam,  amma heç vaxt belə bir şey görməmişdim. Çünki bu dinc əhaliyə qarşı savaşdır. Qarşımızda terrorçu ölkə var”.

İlk gündən göstərdiyi fəallığı və səmimiliyi ilə seçilən, Azərbaycan üçün öz sahəsində əlindən gələni etməyə çalışan türkiyəli jurnalist Gəncəyə raket atılan ərazinin bir addımlığında qaldığını bildirib: “Bu gün, sabah, hər an ölə bilərəm. Hətta Gəncədəki o dəhşətli hadisə baş verən bina mən qaldığım otelin bir yaxınlığındadır. Bizim qaldığımız oteldə dağıntılar olmasa da, o səsləri duydum, o anları yaşadım”.

“Cəbrayıla ilk gedən şəxslərdən biri olmaq çox sevindiricidir” deyən jurnalist xanım peşəsinə olan sevgisindən danışıb: “Bir məsəl var, hər türk əsgər doğular. Görünür bu söz mənə də aiddir. Ölkəmi çox sevən, vətənpərvər hissləri yüksək olan insanam. İstəyirəm hər işdə örnək olum. Türkiyə də 35 ildir PKK ilə mübarizə aparan bir dövlətdir. Mən o hadisələrin içində olmaq istəyirdim, ona görə də bütün qaynar nöqtələrə getmişəm.

Ailəm hər zaman deyir ki, “nə vaxt gəlirsən, yenə çıxıb getdin”. Sözün hər mənasında şəxsi həyatım yoxdur. Amma bu məni narahat etmir. Çünki bu işi görərkən daha xoşbəxt oluram. Çətin coğrafi mövqeyi olan ərazilərdə olmaq, oradakı insanların səsi olmaq mənim ruhuma yaxşı təsir edir. İnsan olduğumu hiss edirəm”.

www.parla.az