Türkiyədə COVID-19 peyvəndinin tətbiqinə başlanılır – TARİX AÇIQLANDIbackend

Türkiyədə COVID-19 peyvəndinin tətbiqinə başlanılır - TARİX AÇIQLANDI

Dekabrda Türkiyəyə ən az 10, böyük ehtimalla isə təxminən 20 milyon doza Çin istehsalı peyvənd gətiriləcək. Bu rəqəm yanvarda 20 milyon, fevralda isə 10 milyon təşkil edəcək. Ölkə əhalisinin peyvəndlənməsi prosesinin dekabrın 11-dən etibarən başlanılması planlaşdırılır. Peyvəndin ilk növbədə səhiyyə işçilərinə, sonra isə risk qruplarına daxil olanlara tətbiqi nəzərdə tutulur.

PARLA yerli KİV-ə istinadən bildirir ki, bunları Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkədə COVID-19 peyvəndinin tətbiqi ilə bağlı açıqlamasında deyib.

Yerli peyvəndin aprel ayından etibarən aktiv şəkildə tətbiqinin nəzərdə tutulduğunu deyən nazir bildirib: “COVID-19 peyvəndi ilə bağlı ilkin anlaşmalar əldə edilib. Bu razılaşmalara əsasən dekabr-fevral ayları ərzində Çin istehsalı olan “Sinovac” peyvəndinin 50 milyon dozasının mərhələli şəkildə Türkiyəyə gətirilməsi planlaşdırılır. Hazırda elmi şurada vətəndaşların peyvəndlənməsi prosesinin aparılması, peyvəndin əvvəlcə kimlərə vurulacağı ilə bağlı müzakirələr aparılır. Türk professorlar Uğur Şahin və Özlem Türeci tərəfindən qurulan Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkətlərinin ortaq hazırladıqları COVID-19 peyvəndinin də ölkəmizə idxalı ilə bağlı danışıqlar aparılır. Danışıqlar müsbət nəticə verəcəyi təqdirdə bu peyvəndin dekabr ayında 1, sonra isə 25 milyon dozasının Türkiyəyə gətirilməsi planlaşdırılır. Belə olacağı təqdirdə ümumilikdə 75 milyon doza COVID-19 peyvəndinin ölkəmizə gətirilməsi nəzərdə tutulur”.

Xatırladaq ki, Türkiyədə son sutka ərzində daha 190 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib və 6101 yeni yoluxma faktı qeydə alınıb. Bununla da pandemiya qurbanlarının sayı 13 936, virusa yoluxanların sayı isə 506 966 nəfərə çatıb.

İndiyədək 409 320 pasiyent (son sutkada 4593 nəfər) sağalaraq evə buraxılıb.

www.parla.az