Suqovuşana bayrağımızı sancan İlkinin valideynləri onun ölüm xəbərindən danışdı – VİDEObackend

Suqovuşana bayrağımızı sancan İlkinin valideynləri onun ölüm xəbərindən danışdı - VİDEO

Azərbaycan Ordusunun işğaldan azad etdiyi Suqovuşana Azərbaycan bayrağını sancan qəhrəman İlkin Fərzəliyevin atası Azad Fərzəliyev oğlu ilə bayrağı sancmazdan öncə danışdığını deyib.

PARLA xəbər verir ki, ata oğlundan bir xahiş edib: “Oğlumla danışanda təkcə bunu dedim: o bayrağı sanc, İlkin, amma xahiş edirəm, sağ qal, şəhid yoldaşlarının qanını yerdə qoyma, nə olar?!

İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır. Sanki bizim alnımıza vurulan o damğanı yuyurlar. İlkin gedəndə məndən halallıq istədi. Ona dedim ki, sənin üçün nə etmişəm ki, nə də halal edim?! Nə etmisənsə, bizim üçün sən etmisən. Hətta müharibənin ilk günlərində mən onun şəhid olması xəbərini də eşitdim, amma içimdəki atalıq hissi mənə dedi ki, oğlum sağdır”.

AzTV-nin hazırladığı videoreportajda anası Mətanət Fərzəliyeva hər iki oğlunun bu gün cəbhədə olduğunu fəxrlə bildirib: “İlkin ilk gündən getmək istəyini dedi və getdi. İndi nişanlıdır. Bu yaxınlarda ona ev verildi. Amma heç evin açarını da götürmədik. Dedim gəlib özün götürərsən”.

www.parla.az