Şevçenko: “İlham Əliyev Makrondan faktlar tələb edəndə o, boş-boş danışmağa başlayıb”backend

Şevçenko: “İlham Əliyev Makrondan faktlar tələb edəndə o, boş-boş danışmağa başlayıb”

“Suriyalı muzdlular Azərbaycanın nəyinə gərək ola bilər axı? Xarici Kəşfiyyat Xidmətinin başçısı Narışkinə sualım var: siz anlamırsınız, yoxsa sizə səhv məlumat verirlər? Yoxsa KTMT üzrə müttəfiq olan ermənilərlə həmrəylik göstərirsiniz? Yoxsa bəlkə, Fransanı elə sevib ki, Makronla həmrəylik nümayiş etdirir? İlham Əliyev Makrondan faktlar tələb edəndə o, boş-boş danışmağa başlayıb. Çünki belə faktlar ola bilməz”.

PARLA xəbər verir ki, bunu rusiyalı ictimai-siyasi xadim, jurnalist Maksim Şevçenko söyləyib.

“Azərbaycanlıları zəif, döyüşməyə meyil etməyənlər kimi təqdim etməyə çalışırlar. Ermənilər isə guya döyüşçüdürlər. Görünür, çoxdandır azərbaycanlıları görməyibsiniz. Mən bu illər ərzində Azərbaycanda olmuşam.

Azərbaycanda vətənpərvər, savadlı nəsil yetişir. Özü də söhbət sadəcə oğuz türklərindən getmir, bura həm də talış, ləzgi, avar, udin, rus, yəhudi, tatlar da daxildir. Azərbaycanda xeyli xalq yaşayır. Ermənistan isə, misal üçün, monomilli ölkədir. Siz çətin ki, orada jurnalistlərdən başqa əcnəbiləri görərsiniz”, – o bildirib.

M.Şevçenkonun sözlərinə görə, bəzi qüvvələr erməniləri az qala xristianlığın forpostu elan edib:

“Azərbaycan dünyəvi dövlətdir. Ermənilik sivilizasiyası nədən ibarətdir? Qarik Martirosyan? “Naşa Raşa”nın qəhrəmanları? Budurmu müasir erməni mədəniyyəti? Bu sivilizasiyanımı onlar müdafiə edirlər? Fikrimcə, ağıllı, savadlı, sivil ermənilər müharibəyə son qoymaq mövqeyindən çıxış etməlidirlər”.

O, Xankəndinin Gəncə və Mingəçevirdən fərqli olaraq, hərbi əməliyyatlar bölgəsində olduğunu da vurğulayıb:

“Xankəndi hərbi əməliyyatlar zonasındadır. Oranı bilərəkdən vurmurlar. Cəbhə xəttindən Xankəndinə məsafə haubits və ya “Uraqan” və “Qrad”ın atəş distansiyası qədərdir. Xankəndinin çevrəsində xeyli hərbi bölmə var. Oradan atəş açırlar və cavab atəşi də alırlar. Gəncəyə isə dinc əhaliyə qarşı məqsədyönlü şəkildə zərbə endirilib. Başa düşürsünüz fərqi?

Xankəndi hərbi əməliyyatlar bölgəsindədir. Özü də Azərbaycan rəhbərliyi oradakı dinc əhaliyə müraciət edərək, hərbi obyektlərdən uzaq durmağa çağırmışdı. Ermənistan rəhbərliyi isə konkret olaraq Gəncə və Mingəçeviri hədəfə alıb”.

www.parla.az