Sağlığında ad alan, ermənilərin qorxulu yuxusu, “Milli Qəhrəman” İbad Hüseynov – Fotolarbackend

Sağlığında ad alan, ermənilərin qorxulu yuxusu, "Milli Qəhrəman" İbad Hüseynov - Fotolar

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Milli Qəhrəman” adının verilməsi haqqında sərəncam imzalayıb. 

PARLA xəbər verir ki, təltif olunanlar arasında həyatda ikən bu ada layiq görülən yalnız İbad Hüseynovdur.

“Mənə Milli Qəhrəman adının verilməsi yüksək dəyərdir. Cənab Prezidentə məni dəyərləndirdiyi üçün təşəkkür edirəm. Bu adı aldığım üçün çox sevinirəm. Çünki sevinməyə haqqım var. Mən hər zaman əsgər olmuşam. Bu gün də cənab Prezidentin əsgəriyəm. Hər zaman bu adı alacağım günü həmişə gözləmişəm”, – deyə keçmiş döyüşçü bildirib.

Xatırladaq ki, 18 oktyabr 1970-ci ildə Xocavənd rayonunda anadan olan İ.Hüseynov Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, Rusiyanın Amur şəhərində yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlilərinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq, onlar aclıq aksiyasını dayandırmır. Nəticədə rəhbərlik İbad Hüseynov və aclıq aksiyasında iştirak edən dörd nəfər əsgər yoldaşını 4 ay öncədən tərxis edir. Və beləcə onların “Qarabağ yolu” başlayır. 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Xocavənd rayonu əhalisinində müdafiə üçün silah-sursatının olmadığını nəzərə alaraq, İbad Hüseynov “kəşfiyyat-diversiya dəstəsi” yaradır və erməni tərəfə keçərək, onları məhv edir. Ermənilərin çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır. Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Qaradağlı qırğını, Xocalı soyqrımı və digər yaşayış məntəqələrində fəal iştirak etmiş “Avo” ləqəbli Monte Melkonyanın başını kəsərək məhv etdiyi üçün ermənilər tərəfindən axtarışda olub.  Bu hadisədən hiddətlənən ermənilər İbada həmlə quraraq onu öldürməyə çalışırlar. Dəfələrlə cəhdləri boşa çıxsa da, 26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başa, ələ və ayaqlara girir və Hüseynov komaya düşür. 28 günlük komadan sonra Moskvadan gəlmiş məşhur cərrah onun çıxılmaz vəziyyətini görüb, heç nəyə zəmanət vermədiyini açıqlayır. Kəlləni yardıqda, beyin və bədənin normal funksionallığını saxlamağa imkan verməyən çoxlu daxili qanaxmanı aşkar edir. İllərlə qoltuq ağaclarında gəzməli olur və xəstəxanalarda müalicə alır. Möcüzə nəticəsində yenidən sağlamlığına qovuşur.

9 oktyabr 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən qəhrəman haqqında müxtəlif filmlər çəkilib. 2010-cu ildə “Əsgər”, 2013-cü ildə “Qorxulu yuxuların qəhrəmanı”, 2011-ci ildə “Kəşviyyatçı”,  2016-cı ildə isə “Xüsusi təyinatlı İbad” filmləri çəkilib.

Azərbaycan və Türkiyədə müxtəlif fəxri adlara layiq görülən İbad Hüseynovun adına parklar salınıb. Ankara (2015) və Kırşəhərində (2017) yerləşən küçələrə onun adı verilib.

“Xüsusi Təyinatlı” , “O, bir qəhrəman”, ” Yaşayan Şəhid”, “Qurd balası” “Qorxunu öldürən qəhrəman”, saysız-hesabsız şeirlər, poemalar, hekayələr yazılıb. Kitablar bir çox dillərə tərcümə edilib.

www.parla.az