Rüstəm İbrahimbəyov: “Əməliyyatları dayandırmaq doğru deyil”backend

Rüstəm İbrahimbəyov: "Əməliyyatları dayandırmaq doğru deyil"

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı hərbi əməliyyatına, Rusiya ziyalılarının hadisələrə olan münasibətinə öz mövqeyini bildirib.

PARLA xəbər verir ki, İbrahimbəyov bu barədə “Facebook” səhifəsində paylaşıb: “Azərbaycan ərazisində müharibə daha da qızışır, qurbanların sayı artır, dinc əhali, uşaqlar həlak olurlar. Əlbəttə ki, hərbi əməliyyatları mümkün qədər tez dayandırmaq hamının istəyidir. Ancaq otuz ilə yaxın uğursuz danışıqlardan sonra bu, realdırmı?”

Rejissor belə hesab edir ki, əgər dünya birliyi formal sülhməramlı ritorikadan imtina etsə, baş verənləri görsə, o zaman bu, tamamilə mümkündür:

“Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı yeddi rayon dərhal azad edilməlidir. Əminəm ki, bu baş verən kimi Azərbaycan tərəfindən hərbi əməliyyatlar dayandırılacaq və Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi üçün danışıqlar masası arxasına əyləşmək imkanı yaranacaq. Keçmişin təcrübəsi göstərir ki, bu problemin müzakirəsinə, regionda sülhün təmin olunmasına xeyli vaxt lazım olacaq”.

Rüstəm İbrahimbəyov vəziyyətin bu duruma gəlib çıxmasını uzun illərdir ki, bütün Cənubi Qafqazın həyatını iflic edən münaqişədən mərhələli şəkildə çıxmaq təkliflərinin Ermənistan tərəfindən inadla rədd edilməsində görür: “Mən əmin idim ki, Rusiyada Azərbaycanın düşdüyü mürəkkəb vəziyyətlə maraqlananlar bu barədə məlumatlıdırlar. Lakin təsadüfən “Facebook”da Viktor Şenderoviçin təəssüfləndirici və qərəzli mülahizələrini oxuduqdan sonra başa düşdüm ki, Moskva ziyalıları ona birbaşa aidiyyəti olmayan şeylərə laqeyd və səthi yanaşırlar, bunu ilk dəfə hiss etdim. Heyf! Halbuki Rusiyada baş verən ictimai-siyasi hadisələrə Azərbaycan biganə qalmır”.

www.parla.az