Qibtə edilən hərbçinin atası: “Qəhrəman balam, dedim, telefonu qucaqlayıb öpdüm” – VİDEObackend

Qibtə edilən hərbçinin atası: "Qəhrəman balam, dedim, telefonu qucaqlayıb öpdüm" - VİDEO

“Axşam evdəydim. Dostlardan biri zəng elədi ki, internetdə Vüsalın şəkli yayılıb. Ürəyim düşdü. Nə şəkil, nə foto, deyə soruşdum. Dedilər ki, İslam, qorxub eləmə, salamatçılıqdır. Bütün Azərbaycan sənin oğlundan danışır”.

Lent.az bildirir ki, bunu son günlər fotosu bütün sosial şəbəkələri, saytları bəzəyən topçu əsgərimizin atası İslam Şahkərimov deyir. Yəqin bildiz söhbət kimdən gedir. Topla düşmən üzərinə od saçan, sonra da arxaya belə dönmədən məğrur görkəm almış o əsgərimizdən. Vüsal İslam oğlu Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Orta təhsilini eyni kənddə şəhid Arif Məmmədov adına orta məktəbdə alıb.

Atası onun barəsində danışır:

“Məktəbdə çox yaxşı oxuyurdu. Nizamlı uşaq idi. Həm də çox sakit, tərbiyəli. Orta məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə verdi. Amma ödənişliyə düşdü. Düzü, imkanımız olmadı onu oxutmağa. Elə özü də dedi ki, əsgər gedim qayıdım pulsuza düşüb oxuyacam”.

İslam kişi deyir ki, Vüsalın fotosunu ona göstərəndə göz yaşlarını saxlaya bilməyib:

“Dedim, qurban olum sənə, sən necə böyümüsən ki, xəbərim olmayıb. Qəhrəman balam, dedim, telefonu qucaqlayıb öpdüm. Mən fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Şükürlər olsun ki, belə oğullarımız sayəsində əsgərlərimiz erməniləri iti qovan kimi qovub çıxarır işğal olunmuş kəndlərimizdən. Qoy qısa müddətdə qələbəmizlə bitsin müharibə. Bütün oğullarımız salamat qayıtsın. Amin!”

www.parla.az