Prezidentdən Paşinyana: “Bəs Şuşada parlament binası tikirdin? Nə oldu?”backend

Prezidentdən Paşinyana: "Bəs Şuşada parlament binası tikirdin? Nə oldu?"

“Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik – tam haqlıyam. Mən Münxen Təhlükəsizlik Konfransında bütün dünyaya və bu canlı formatda aparılmış diskussiya əsaasında sübut edə bilmişəm ki, bu bizim tarixi torpağımızdır”.

PARLA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı 19-cu əsrin əvvəllərində imzalanmış Kürəkçay sülh anlaşmasını xatırladaraq bəzi tarixi məqamlara toxunub: “Mən bu müqavilə haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında ümumiyyətlə geniş ictimai fikirdə heç bir məlumat yox idi. Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında geniş məlumat yox idi. Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İbrahimxəlil xan imzalamışdı, digər tərəfdən çar Rusiyası generalı imzalamışdı. Bu müqavilə internetdə var, hər kəs baxa bilər. Əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyüş meydanında vəziyyəti maraqla izləyən geniş beynəlxalq auditoriya gedib bu saytlara girəcək, baxacaq görəcək ki, o müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən olan Qarabağda yerləşdirildi. Onlara şərait yaradıldı. Məqsəd də aydın idi: imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və bu məqsədə, əfsuslar olsun ki, çatdılar”.

“Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Bəs Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi!

Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndürə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıb”, – ölkə başçısı söyləyib.

“3 dəfə pozulan humanitar atəşkəsdən danışan Ali Baş Komandan Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayıb:
“Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz eləmirəm, görüşsünlər.

O qədər mənasız görüş olub ki… Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əksik, fərq eləməz. Mən demək istəmirəm mən bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun”, – Prezident əlavə edib.

www.parla.az