Pandemiya dövründə aviabiletlər hansı şərtlərlə geri qaytarılır?backend

Pandemiya dövründə aviabiletlər hansı şərtlərlə geri qaytarılır?

Koronavirus (COVID-19) pandemiyasının davam etməsinə və Azərbaycanın sərhədlərinin bağlı olmasına baxmayaraq, digər ölkələrlə hava əlaqəsi tamamilə kəsilməyib.

Hazırda Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin İstanbul, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərlərinə xüsusi reyslər həyata keçirilir. Məqsəd ölkəni təcili tərk etmək istəyənlərə və yaxud vətənə qayıtmaq istəyənlərə dəstək olmaqdır. Amma bu cür aviareyslərdən yararlanmaq üçün uçuşdan 48 saat əvvəl koronavirus testindən keçmək, “Mənfi” cavab almaq lazımdır. Testdən keçməmiş və yaxud keçərək “Müsbət” cavab almış sərnişinlər təyyarəyə buraxılmır. Bəs belələrinin əvvəlcədən aldıqları aviabiletlər hansı şərtlərlə geri qaytarılır?

Bakı-İstanbul-Bakı

Bakıdan İstanbula və geriyə aviareysləri Azərbaycan və Türkiyənin milli aviadaşıyıcıları – “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Türk Hava Yolları” (THY) şirkəti həyata keçirir. AZAL-dan “Report”a verilən məlumata görə, pandemiyadan əvvəl olduğu kimi, indi də aviabiletlərin geri qaytarılması cərimə ödəmək şərtilə mümkündür. Əgər uçuşa 24-48 saat arasında vaxt qalıbsa cərimənin məbləği biletin dəyərinin 50%-i qədər olur. Yəni, müştəri pulun yarısını geri götürə bilər. Aviabileti uçuşa 24 saatdan az qaldıqda qaytarmaq istəyən isə onun dəyərinin cəmi 25%-ni geri ala bilər. Yəni, cərimə 75% olacaq.

 

AZAL-dan fərqli olaraq THY səfəri obyektiv səbəbdən təxirə düşmüş şəxsləri cərimələmir Şirkətdən “Report”a verilən məlumata görə, bu il dekabrın 31-nə qədər alınan bütün aviabiletlərin pulu tam şəkildə geri qaytarılır və yaxud ödənişsiz başqa tarixə dəyişdirilir. Sərnişin yalnız aviaşirkətdən asılı olmayan məsələlərə görə  (məsələn, məzənnə fərqi, sinifin dəyişdirilməsi və s). müəyyən ödəniş edə bilər.

Bakı-Dubay-Bakı

Bakıdan Dubaya və geriyə isə BƏƏ-nin “FlyDubai” şirkətinin təyyarələri ilə hərəkət etmək mümkündür. Şirkətdən “Report”a verilən məlumata görə, aviabileti geri qaytarmaq və yaxud başqa tarixə dəyişdirmək üçün müraciətlər uçuşa 24 saatdan çox qaldıqda qəbul edilir. Bu zaman sadəcə 41 ABŞ dollları cərimə ödəmək lazımdır. Əgər uçuşa 24 saatdan az vaxt qalıbsa, heç bir müraciətə baxılmır.

www.parla.az