Müxalifət partiyaları da Orduya dəstək aksiyasındakı təxribatı PİSLƏDİbackend

Müxalifət partiyaları da Orduya dəstək aksiyasındakı təxribatı PİSLƏDİ

Ötən gecə Bakıda minlərlə insan cəbhədə Vətən uğrunda mübarizəyə atılan hərbçilərimizə dəstək aksiyası keçirdi. Şəhərin müxtəlif küçələrindən başlayan həmrəylik yürüşü Şəhidlər Xiyabanı yaxınlığında – Milli Məclisin binası qarşısında davam etdirilib. Ancaq aksiyanın gedişində təxribatçı qüvvələr yaranmış şəraitdən öz məqsədləri üçün istifadə etməyə çalışıb. Milli Məclisin binasını tutmağa cəhd edən həmin qüvvələr insanların bu əzmini, hərbçilərə dəstək aksiyasını başqa səmtə yönəltməyə çalışıblar.

Həmin qrup insanları parlament binasına yönləndirməklə provaksiyaya əl atıblar.

Bu təxribatın arxasında kimlər dayana bilər?

Müxalif siyasi partiyalar bu sualı cavablandırıblar:

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı təxribatın dini-radikal qüvvələrin əli ilə törədildiyini düşünür:

“Azərbaycan son günlər ağır, amma eyni zamanda bu ağırlığın içərisində qürurlu günlər yaşayır. Tovuzda baş verən hadisələr ürəyimizdə dərin yaralar açır. Lakin ona da sevinirik ki, bu cür igidlərimiz var və erməni təxribatı nəticəsində hərbi obyektlərimizin vurulmasına layiqli cavab verilir. Bundan başqa, illərdir ki, Azərbaycan xalqının yatıb yorulduğunu, savaşa gedə bilməyəcəyini düşünən hər kəsə sübut olundu ki, insanlarımız heç vaxt torpağının Ermənistana bağışlanması ilə razılaşmayacaq və savaşa hər zaman hazırdır.

1988-ci illərdən bu yana olduğu kimi, hələ də biz təxribatçı qüvvələri görürük. Bu qüvvələr belə gözəl hadisəyə kölgə saldılar, Milli Məclisin şüşələrini qırdılar, içəri basqın etdilər. Şübhəsiz ki, bu əməl yürüşün mahiyyətini dəyişməyə cəhd idi. Dini-radikal qüvvələrin bu cür fəallaşması narahatedici məsələdir. Azəbaycan demokratik, sivil dövlətdir. Ona görə burda şüşə qırmaqla, Milli Məclisə soxulmaqla nəyinsə dəyişəcəyini düşünmək sadəlövhlükdür. 1988-ci ildə də xalq Milli Məclisi mühasirəyə alıb, içəri daxil olmaq istəyirdi. Amma onda millət bunu ona görə edirdi ki, içərdəki komunist rejiminin nümayəndələri müstəqilliyi qəbul etsinlər. İndi müstəqillik, savaş meydanı Ermənistanla sərhəd olan yerdədir, Milli Məclisdə deyil”.

Azərbaycan Demokratik Pasriyasının (ADP) sədri Sərdar Cəlaloğlu yürüşün sonluğunun belə xoşagəlməzliklə bitməsinə səbəb kimi insanların uzun müddət bir yerdə qalmasını göstərib:

“İnsanların Azadlıq meydanından Şəhidlər Xiyabanı tərəfə istiqamətlənməsi çox yalnış idi. Çünki orda Milli Məcslis, Müdafiə Naziliyi, Dövlət Təhlükəsizlik Komitəsinin binası yerləşir. Xüssusilə Müdafiə Nazirliyinin binasının orda olması təxribatın yaranmasına şərait yaradacaqdı. Hökumət nümayəndələrindən də çox təəssüf ki, biz heç kimi orda görə bilmədik. Hökumət nümayəndələri xalqın qarşısına çıxıb insanlara bir istiqamət verməli, təxribata uymamağa çağırmalı idi. Bununla da camaatın içərisində olan gərginlik aradan qalxa bilərdi. Ümumiyyətlə, kütlə psixologiyası da belədir ki, uzun müddə bir yerdə qalanda öz-özünə restruktiv xarakter almağa başlayır. Əvvəlcə hamı dövləti, ordunu dəstəkləyən şüarlar səsləndirirdi. Amma təəssüf ki, proses uzun davam etdiyi üçün psixologiya sarsıldı və təxribat törətmək istəyən qüvvələr rahatlıqla insanları ələ almağı bacardı. Heç şübhəsiz ki, təxribata cəhd edənlər “5-ci kolon”un nümyəndələri, ruspərəsət və hakimiyyətdən narazı qalan qüvvələr idi. Amma çox sevinirəm ki, təxribat tam mənası ilə baş tutmadı, insanları provakasiyaya cəlb edib daha böyük problemlər yaratmadılar”

Müsavat Partiyasının başqanı Arif Hacılı təxribatın bəzi qüvvələr təəfindən aksiyanın sonlandırılması üçün nəzərdə tutulduğunu bildirib:

“Oradakı vətəndaşların mütləq əksəriyəti orduya dəstək vermək üçün, vətən yanğısı ilə toplaşmışdı. Səslənən şüarlar da kifayət qədər səmimi idi. Milli Məclisə o şəkildə daxil olmaq, ümumi sonluq düşünülmüş bir hadisə idi və aksiyanın sonlandırılması üçün nəzərdə tutulmuşdu. Həmin hadisələrdə vətən yanğısı ilə ora çıxan adamların bəzilərinin təcrübəsi də provakasiyaya uymağı istisna edən məsələ deyil. Azərbaycan xalqı aparılan işğalçı siyasətə görə qəzəblidir və bu qəzəbli xalq da əsəblərini cilovlaya bilməyib müəyyən addımlar ata bilər. Ona görə də hakimiyyət bu məsələləri nəzərə almalı və qanuna zidd hərəkət edən adamları tapmalıdır”.

Ümid Partiyası sədrinin I müavini Ənvər Ağazadə təxribatın törədilməsinə səbəb kimi vətəndaş qarşıdurmasının yaradılma istəyinin olduğunu bildirib:

“İnsanların orduya dəstək göstərməsi, emosional vəziyyətin yaranması çox sevindirici hal idi. Çox təəssüf ki, yürüşün sonu gözlənilən təxribatla nəticələndi. Ona görə gözlənilən deyirəm ki, çünki orda təşkilatçılıq və idarəçilik edənlər yox idi və kortəbii yürüş başladı. Bundan da istifadə edən qüvvələrin ortaya çıxacağı gözlənilən idi.

Təcrübədə də bu şeyləri çox görmüşük. Təxribatı törədənlər heç şübhəsiz ki, Azərbaycanda vətəndaş qarşıdurması yaratmaq, ölkəni ümidsiz buraxmaq istəyənlərdir. Yəni düşünmürəm ki, bu emosional kütlənənin düşünmədən atdığı bir addım idi. Milli Məclisə o şəkildə daxil olmaq təxribat xarakterli hadisədir və bu təxribatın iştirakçıları layiq olduqları cəzanı almalıdırlar. Dünənki əhval-ruhiyənin sonunun belə bitməsi həm xalq, həm dövlət üçün zərərli bir hərəkətdir”.

www.parla.az