MN: Azərbaycanın mülki əhalisini hədəfə almış legitim hərbi hədəflər zərərsizləşdirilibbackend

MN: Azərbaycanın mülki əhalisini hədəfə almış legitim hərbi hədəflər zərərsizləşdirilib

Oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən  Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.

PARLA xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənib.

Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədlilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Nəticədə atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi tərəfimizdən zərərsizləşdirilib.

Bildiririk ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülür.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

www.parla.az