Milli Məclisdə uşaqpulu məsələsi qaldırıldı – Fərqli reaksiyalar oldubackend

Milli Məclisdə uşaqpulu məsələsi qaldırıldı - Fərqli reaksiyalar oldu

“Ən kasıb ölkələrdə belə uşaq pulu verilir. Pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaqpulu isə strateji məsələdir. 600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. Uşaqpulu verilsəydi, daha yaxşı olardı”.

PARLA-nın xəbərinə görə, bunu Milli Məclisin nəvbədənkənar iclasında deputat Tahir Kərimli deyib. O bildirib ki, pensiya qocalar üçün sığorta puludur, uşaqpulu isə uşaqlar, ailələr üçün sığorta pulu olardı:

“Nazirimiz deyir ki, buna 2,5 milyarddan artıq pul lazımdır. Əgər sosial müavinət məsələsini saxlamaq mümkündürsə, saxlayaq. Saxlamaq mümkün deyilsə, bunu ləğv edək, yerinə uşaqpulu verək. Bu sosial müavinət 15-20 faizin xeyrinədir. Bu, Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi uşaqpulunu istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq, bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir. Bizim valyuta ehtiyatımız var, ildə onun 1 milyardını bunun üçün ayıraq. Biz populistlik etmirik. Bu yaşımızdan sonra özümüzü kimə göstəririk?”.

Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır:

“Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir. Uşaqpulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik. İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaqpulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaqpulu verilməsi məsələsinin bərpası ilə bağlı addım atmalıdır”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, uşaqpulu məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin burada çox çıxışı olub: “Bunu yaxşı olar ki, nəzərə alasınız”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, uşaqpulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib:

“Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Sovet vaxtından qalan uşaqpulunun məbləği o qədər az idi ki, verilməsə, ondan yaxşı idi. Bu gün uşaqpulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədə uyğundur. Uşaqpulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verilə bilər. Təklif edirəm ki, deputatlardan ibarət işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq bunun, büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, ölkədə bundan əvvəl uşaqpulu ümumi hamıya verilib:

“Amma həmin uşaqpulunun məbləği çox aşağı olduğu üçün bu, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun qəbulu ilə əlaqədar yalnız aztəminatlı ailələrə verilir. 84 minə yaxın ailə ünvanlı dövlət sosial yardımı alır. Bu isə təxminən 320 mindən çox insan deməkdir”.

www.parla.az