Lalə Şövkət: “İlham Əliyev tariximizdə qəhrəman kimi həkk olundu”backend

Lalə Şövkət: "İlham Əliyev tariximizdə qəhrəman kimi həkk olundu"

Azərbaycan Liberal Partiyasının və Milli Birlik Hərəkatının lideri, professor Lalə Şövkət Şuşanın işğaldan azad edilməsi ilə bağlı fikirlərini bölüşüb.

PARLA Konkret.az-a istinadən bildirir ki, L.Şövkət Ali Baş Komandana təşəkkürünü bildirib:
“Əziz Millətim!
Bu gün bizim ən xoşbəxt günümüzdür.
Şuşa – Azərbaycanın tacı öz taxtına qayıtdı. Şuşa, Qarabağ varsa, Azərbaycan var!
Millətimizin zəfər və qürur hissi ilə ən şanlı günümüzü yaşayırıq.
Müzəffər, rəşadətli, qüdrətli Ordumuz, casur və qəhrəman əsgər və zabit igidlərimiz öz məharətini bütün dünyaya nümayiş etdilər.
Bu günü bizə qismət edən, qürurumuzu bizə qaytaran, şanlı tariximizi yazan qəhrəman Azərbaycan əsgərinə, torpağın hər qarışını qanları ilə suvaran mərd şəhidlərimizə millət olaraq, dövlət olaraq həmişəlik borcluyuq.
Özümün və əqidədaşlarımın adından bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin ruhu şad olsun. Nur içində yatsınlar Ana Torpağın qoynunda.
Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Siz məğlub Xalqı qalib Millətə çevirdiniz, bu xoşbəxt günləri bizə nəsib etdiniz. Bir siyasətçi kimi bilirəm, hansı çətinliklərdən keçmisiniz və böyük maneələri dəf etmisiniz. Bu çətin iş həmişə pərdə arxasında qalır, amma onun nəticələri göz qabağındadır. Siz Azərbaycanın şərəf və ləyaqət tarixini yazdınız, və bununla birmənalı özünüz tariximizdə qəhrəman kimi həkk olundunuz.
Heç vaxt Vətənimizdə bugünkü kimi Milli Birlik olmamışdı. Artıq dərəcədə Sizdən xahiş edirəm, bu Milli Birliyi qoruyub saxlayasınız. Onda bizi heç kim, heç vaxt sarsıtmaz. Bu, Millət üçün ən ülvi dəyərdir.
Xüsusi olaraq, bizim bu ağır günlərimizdə bizə siyasi mənəvi dayaq duran Türkiyəmizə dərin təşəkkürümü bildirirəm. Şükür olsun Allaha ki, Millətin qüruru qalib gəldi. Qaməti düzəldi. Qeyrət simvolumuz Şuşa öz Vətəninə qayıtdı!
Ulu Tanrımız yeni qələbələri bizə nəsib etsin!”

www.parla.az