Kişi paltarında tarix yazan qadınlarbackend

Kişi paltarında tarix yazan qadınlar

Oxuyan qadın cəmiyyətin cahil gələcəkdən sığortaçısıdır. Lakin qadınlar hər dövrdə və dünyanın hər yerində ayrı-seçkiliyə məruz qalmış, kişilərlə bərabər hüquq və vəzifələrə sahib olmamışlar.

PARLA sizlərə böyük nailiyyətlərə imza ata bilmək üçün kişi libasına girən 11 bacarıqlı qadını təqdim edir.

1. Halime Kocabıyık – İstiqlaliyyət müharibəsində iştirak edən qəhrəman türk qadını

image.png

Halime Çavuş Kimdir - Timetürk Biyografi

1898-ci ildə Kastamonun Duruçay kəndində anadan olan Halime Kocabıyık İstiqlaliyyət müharibəsi illərində ailəsinin müdaxiləsinə rəğmən saçlarını kəsdirib, Halim adı ilə müharibəyə qatıldı. İneboludan Ankara və Sakaryaya silah-sursat daşımaq vəzifəsinə təyin edilən Kocabıyık soyuq bir qış günü İneboluyu yoxlamağa gələn Mustafa Kamal Atatürk ilə qarşılaşdı. Soyuq hava və qar yağmasına baxmayaraq əynindəki pencəyini silah-sursatın üzərinə örtən Kocabıyık Mustafa Kamal və heyətin diqqətini çəkdi. Cəbhəyə daşıdığı mərmiləri öz həyatından üstün tutan bu əsgəri görən Mustafa Kamal Paşa çox təsirlənmiş və ona “Əynindəki pencəyi niyə mərmilərin üzərinə örtdün, bəs özün üşümürsən?” deyə sual verəndə isə, Halime çavuş “Mənim üşüməyimin heç bir əhəmiyyəti yoxdur. Lakin bu silahlar yüzlərlə, bəlkə də minlərlə əsgərimizi qoruyacaqdır” cavabını verir. Bu cavabdan sonra Mustafa Kamal Paşa Halime çavuşdan şəxsiyyətini istəmiş və qadın olduğunu bildikdə isə Halime çavuş haqqında bütün məlumatları yavərinə qeyd etdirərək Ankaraya qayıtmışdır. Müharibədə iştirak etdiyi müddət ərzində böyük müvəffəqiyyət və hörmət qazanan Kocabıyık 9 iyun 1921-ci ildə Yunan döyüş gəmiləri Kılkış və Averof İneboluyu bombalayarkən qırıntı parçası ilə ayağından yaralanaraq əlil olur. Döyüşdən sonra Mustafa Kamal Atatürk tərəfindən Ankaraya çağırılan Halime Kocabıyık 15 gün Çankaya köşkündə qonaq edilmiş və burada keçirilən mərasimdə İstiqlaliyyət Medalı və “Çavuş” rütbəsi ilə təltif olunduqdan sonra Kastamonuya qayıtmışdır. Həyatını vətəninə və millətinə həsr edən Kocabıyık heç vaxt ailə həyatı qurmamış, qardaşı Həsən Kocabıyıkın oğlu Sadık Kocabıyıkı 13 yaşında övladlığa götürmüşdür. Ömrünün son 6 ilini doğulduğu Duruçay kəndində yataq xəstəsi olaraq yaşayan Halime Kocabıyık 20 fevral 1976-cı ildə 78 yaşında vəfat etmişdir.


2. Rena Kanokogi
Kişilərarası cüdo yarışmasında qalib olan ilk qadın

image.png

                 

Peşəkar cüdo ustası olmaq Renanın hələ kiçik yaşlarından ən böyük istəyi idi. Bunun üçün Bruklində böyüyən Kanokogi özünü döyüş sənətinə həsr etmiş və bu sahənin ən peşəkarı olmaq uğrunda qətiyyətlə çalışmışdır. Lakin bir qadın olmaq Renanın qarşısında duran yeganə problem idi. Çünki o dövrdə, yəni 1950-ci illərdə qadınlar üçün belə bir fəaliyyət növü yox idi. Ancaq bu Renanı öz məqsədindən döndərə bilmədi və o, 1959-cu ildə kişilər üçün keçirilən Nyu-York YMCA Cüdo Çempionatı üçün müraciət etdi. Lakin onun kişilərlə mübarizə aparmaq üçün çox zəif olduğunu söyləyərək yarışmasına icazə verilmədi. Rena isə yenə də təslim olmadı və yarışa növbəti dəfə kişi libasında qatıldı. Yarışmada iştirak edən bütün kişi iştirakçıları məğlub edərək qızıl medal qazanan Rena bununla qadınların kişilərdən fərqli olmadığını, əksinə onlardan daha da güclü və əzmli olduğunu sübut etmiş oldu. Lakin çox keçmədən Rena medalı geri verməli oldu. Çünki müsiflər heyəti onun qadın olduğundan şübhələnirdilər. Ondan soruşanda isə Rəna tərəddüd etmədən həqiqəti demişdi. Çünki Rena üçün vacib olan medal yox, özünü onlara sübut etmək idi. Məhz Rena Kanokogi qadınların cüdoda iştirak etməsində böyük rol oynamışdır. O, 1988-ci il Seul Olimpiadasında qadın cüdo komandasına başçılıq etmiş və eyni zamanda “yeddinci dərəcə qara” mükafatını alan ilk qadın olmuşdur. Rena Kanokogi 2009-cu ildə 74 yaşında vəfat etmişdir.


3. James Barry
İlk müvəffəqiyyətli keysəriyyə doğuşunu həyata keçirən qadın

 

image.png                   

1789-cu ildə İrlandiyada doğulan Margaret Ann Bulky yaşadığı dövrdə qadınların tibb sahəsində çalışmağı qəti qadağan olunurdu. Margaret və ailəsinə baxan əmisi vəfat etdikdə isə ailə üçün ağır bir dövr başlayır və Margaret həyatını dəyişdirəcək bir qərar alaraq tibb məktəbində oxuyan əmisinin yerinə keçir. İnsanların onun bir qadın olduğunu bilməməsi üçün James Barry adı ilə kişi libasına girən Margaret hava şəraitindən asılı olmayaraq hər zaman əmisinin paltosunu və 8 sm daha hündür ayaqqabı geyinir və möhkəm səslə danışırdı. 22 yaşında orduda cərrah köməkçisi olan Margaret artıq 1857-ci ildə bütün hərbi xəstəxanalara cavabdeh olan ümumi müfəttiş oldu. Bundan əlavə, Margaret müvəffəqiyyətli keysəriyyə əməliyyatını həyata keçirən ilk qadın həkim olaraq da adını tarixə yazmağı bacardı. Ölümündən öncə isə Margaret onun yuyulmadan, olduğu kimi dəfn edilməsini tapşırsa da, öldükdən sonra onun bu istəyinə əməl olunmur və tibdə ən hörmətli kişilərdən birinin əslində bir qadın olduğu məlum olur.

4. Kathrine Switzer – İlk qadın marafon iştirakçısı

image.png

Kathrine marafonda iştirak etməyi çox istəsə də, o dövrdə qadınların bu idman növü üçün uyğun olmadığı hesab edildiyi görə qadınlara marafonda iştirak etməyə icazə verilmirdi. Yalnız universitetinin kişilərdən ibarət komandası ilə təcrübə keçən Kathrine məşqçisinə Boston Marafonuna qatılmaq istədiyini açıqladı. Məşqçi buna qanunun icazə vermədiyini söyləsə də, bu Kathrineni yolundan döndərə bilmədi və marafon üçün müraciət formasına adını Kathrine Virginia Switzer əvəzinə K.V. Switzer yazaraq göndərdi. Marafon günü Kathrine imicini tamamilə dəyişdirməmiş, diqqət çəkməmək üçün yalnız olduqca boş bir şalvar geyinmişdi. Yarış başlayana qədər heç kim onun bir qadın olduğunu hiss etmədi, lakin yarış zamanı bir kişi bunu başa düşüb ona təziq göstərməyə başlamış və yalnız Kathrinenin oğlan dostunun müdaxiləsi ilə bu adamı oradan uzaqlaşdırmaq mümkün olmuşdu. Belə bir vəziyyətdə Kathrinenin marafonu qazanmasına imkan yox idi. Amma buna baxmayaraq, o, böyük əzmlə finiş xəttinə qədər qaçmağı bacardı və biraz əvvəl ona nifrətlə baxan insanlar artıq ona dəstək verirdilər. Kathrine ilk marafonunu birinciliklə bitirməsə də, lakin tarixə adını marafonda iştirak edən ilk qadın olaraq yazdırdı. Daha sonra saysız-hesabsız böyük marafonlarda iştirak Kathrine Switzer ən əsası qaçış dünyasında kişi hökmranlığını məhv etməyi bacardı.

5. Salerno Trotula – İlk ginekoloq qadın həkim

image.png

Dünyada ilk ginekoloq kimi tanınan Salerno Trotula XI əsrdə İtaliyada hörmətli bir həkim idi. İtaliya o zamanlar az sayda da olsa qadınların tibb sahəsində işləməsinə icazə versə də, kitablar üçün isə vəziyyət tamamilə fərqli idi. Trotula tibb dünyasında böyük rol oynayacaq kitablar və məqalələr yazır, lakin dünya bir qadın tərəfindən yazılan bu məqalə və kitabları oxumağı rədd edirdi. Trotula isə bu vəziyyətdə intibah dövründə yazdığı elmi məqalələrin nüsxələrini bir kişi adı ilə nəşr etdirdi. Salerno Trotula qadın xəstəlikləri, hamiləlik və doğuşla bağlı saysız-hesabsız araşdırmalar aparmış, kişilərdə də sonsuzluqla bağlı problemlərin olduğunu ilk dəfə məhz Trotula öyrənmişdir.

6. Agnodice – Yunanıstanın ilk qadın həkimi

image.png

Antik dövrdə Yunanıstanda qadınlarla çox kobud rəftar edilir və qadınların hər şeyə səssiz qalaraq yalnız həyat yoldaşlarına itaət etmələri gözlənilirdi. Bununla yanaşı, bir qadının tibb sahəsində çalışması da qəti qadağan edilmiş, hətta buna görə ölüm cəzası da tətbiq olunurdu. Roma tarixçisi Gaius Julius Hyginusa görə, Agnodice adlı bir qadın bütün bunlara baxmayaraq ilk cəsarətli addımı atdı. Kişi libasına girən Agnodice tibb təhsili alaraq Afinanın ən yaxşı həkimlərindən birinə çevrilir. Xüsusilə qadın xəstələrlə məşğul olan və doğuşda iştirak edən Agnodicenin iş yoldaşları bu vəziyyəti görüb onun üzərinə böyük bir şər yaxaraq qadın xəstələrə təcavüz etməklə məhkəməyə şikayət edirlər. Məhkəmə zamanı həqiqəti etiraf etməyə məcbur olan Agnodice ölüm hökmünə məhkum edilsə də, kömək etdiyi qadın xəstələr ona dəstək olmaq üçün məhkəmənin keçirildiyi yerə axın etdilər və elə həmin gündən Afinada qadınların tibb sahəsində çalışa bilməməsi qaydası aradan götürüldü. Agnodicenin edam cəzası ləğv edilməklə yanaşı ona tibbi araşdırmalarını davam etdirməyə də icazə verildi.

7. One-Eyed Charley – Səsvermədə iştirak edən ilk qadın

image.png

Charlotte Parkhurst 1812-ci ildə bir qadın olaraq dünyaya gəlsə də, lakin bir müddət sonra vəziyyət tamamilə dəyişdi. Kişi kimi geyinən və Vəhşi Qərbin ən qorxulu simalarından birinə çevrilən Charlotte, həm də Amerikanın ən iddialı kovboyu idi. Bir dəfə atın üzünə halqa ilə vuranda ehtiyyatsızlıqdan bir gözünü itirmiş və o gündən sonra One Eyed Charley adlandırılmışdır. Ölənə qədər heç kim onun bir qadın olduğunu bilmədiyi üçün səsvermədə iştirak etmiş və bununla da Amerikada səs verən ilk qadın olaraq tarix kitablarında yer almışdır.

8. Jeanne Baret – Dünya səyahətinə çıxan ilk qadın

image.png

Jeanne Baretin sevgilisi Louis Antoine de Bougainville 1766-cı ildə bioloqlar üçün təşkil edilən dünya turuna çıxmaq üçün qeydiyyatdan keçdi. Sevgilisini tək buraxmaq istəməyən Louis Baretini oğlan kimi geyinib köməkçisi adı ilə onunla birlikdə səyahətə çıxması üçün təkidlə razı saldı. Birlikdə səyahətə çıxan sevgililər saysız-hesabsız bitkilər kəşf etmiş və Jeanne də dünyanı gəzən ilk qadın kimi adını tarixə yazdırmışdır. Hətta kəşf etdiyi bir bitki növü də onun adını almışdır. Lakin çox keçmədən komanda onun qadın olduğunu başa düşmüş və üç fərqli jurnalda yazılanlara görə, heyətdəki üç kişi Baretin qadın olduğunu bilərək ona təcavüz etmişdir. Kişilərin qanunla mühakimə olunması lazım olsa da, komanda hadisəni ört-basdır etmiş, Baret isə yaralı bədəni və bətnindəki körpəsi ilə bir kənara atılmışdır. Jeanne Baret səyahət edən ilk qadın olaraq adını tarixə yazdırsa da, bir qadın olmağın nə qədər çətin olduğunu da bir daha sübut etmiş oldu.

9. Khawlah Bint Al-Azwar – Bizans imperiyasına qarşı müsəlman ordusunu idarə edən qadın

image.png

Khawlah Bint Al-Azwarın qardaşı Dhiraar İbn al-Azwar orduda komandir olduğu zaman Khawlah da həmin orduda tibb bacısı işləyirdi. Qardaşı Şamın mühasirəsi zamanı əsir düşəndə Khawlahın ürəyi qardaşının zindanda çürüməsinə dözmədi və silahlarını geyinib üzünü də örtərək döyüş yerində kişilər arasında yer aldı. Khawlah cəsarətlə, hətta vəhşicəsinə vuruşurdu və ordu generalı Şeyx İbn Vəlid müharibənin qəhrəmanı kimi onunla şəxsən özü görüşmək istədi. Bir qadın olduğu məlum olduqda isə bütün ordu şoka düşdü. İbn Vəlid isə onu ordudan qovmaq əvəzinə, qardaşını xilas etmək üçün yoluna davam etməyə icazə verdi. Bizans düşərgəsinə hücum edən Khawlah qardaşı və Bizans ordusu tərəfindən əsir götürülmüş bütün hərbi əsirləri xilas edən andan etibarən orduda döyüşməyə davam etdi. Lakin bir müddət sonra Bizans ordusu tərəfindən əsir alınan Khawlah qadınlarla bir çadırda saxlanıldı. Lakin o burada da qadınları çadır dirəkləri və ipləri ilə silahlandıraraq üsyan qaldırdı və bu hadisə 30-a yaxın Bizans əsgərinin ölümü və bütün əsir qadınların azad edilməsi ilə nəticələndi.

10.  Renee Bordereau – Napoleon onun kəlləsinə 40000 frank mükafat qoyduşdu

image.png

Fransa İnqilabında 42 ailə üzvünü itirən Renee Bordereau 1793-cü ildə intiqam almaq məqsədi ilə kişi libasına girib, qardaşının adını alaraq müharibəyə qoşuldu. Kral ordusu üçün ən qorxulu döyüşçülərdən birinə çevrilən Renee mindiyi atın yüyənini dişlərilə tutması ilə məşhur idi. Beləliklə, at üstündə olduğu vaxt Renee eyni anda qılınc və silah gəzdirə bilirdi. 200-ə yaxın döyüşdə iştirak edən Renee ordunu o qədər qorxuya salmışdı ki, hətta imperator Napoleon onun kəlləsi üçün 40000 frank mükafat qoymuşdu. Bir müddət sonra isə orduda olan dostları onun qadın olduğunu bilsələr də, bu “aslan kimi döyüşən qadın” ı ordudan atmadılar.

11.  Saint Marina – Keşiş qadın

image.png

Marinanın anası vəfat edəndə atası hər şeyi tərk edib keşiş olmağa qərar vermiş, başqa heç bir yerə getməyən Marina da oğlan libasına girib, özünü Marinos adlandıraraq monastrda işləməyə başlamışdı. Marinos qısa müddətdə çalışdığı monastrda böyük hörmət sahibi olmağı bacarmışdı. Lakin bir müddət sonra bir qadın Marinosdan hamilə olduğunu söyləmiş, Marinos isə bunu rədd etməyərək nəinki körpəni qəbul etmiş, hətta ona əsl atası kimi baxmışdı. Buna görə monastrdan qovulan Marinos dilənçilik etməklə də olsa yenə körpəyə sədaqətlə baxmışdır. Lakin bir müddətdən sonra rahiblər yenidən onu monastra çağırdılar. Ölənə qədər monastrda bu uşaqla bir keşiş olaraq yaşayan Marinosun əslində günahsız olması isə yalnız ölümündən sonra məlum olmuşdur.

Həyat Qəhrəmanlı

www.parla.az