İlham Əliyev: “Kəlbəcərdə mənfur düşmən digər cinayət də törədib, qanunsuz məskunlaşma aparıb”backend

İlham Əliyev: "Kəlbəcərdə mənfur düşmən digər cinayət də törədib, qanunsuz məskunlaşma aparıb"

“Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur”.

PARLA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”, – deyə qeyd edib.

Kəlbəcərin hazırkı vəziyyətindən danışan prezident qeyd edib ki, tezliklə bərpa işləri başlayacaq:

“Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib”.

“Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır.

Kəlbəcərdə mənfur düşmən digər cinayət də törədib, qanunsuz məskunlaşma aparıb. Həm Ermənistan ərazisindən qanunsuz yollarla orada insanlar məskunlaşıb, həm də xarici ölkələrdən. Bu isə hərbi cinayətdir və Cenevrə Konvensiyasına görə hərbi cinayət sayılır. Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan”, – dövlət başçısı bildirib.

 

www.parla.az