Hikmət Hacıyev: “Əgər kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar”backend

Hikmət Hacıyev: "Əgər kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar"

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev Bərdəyə və Tərtərə yollanıb.

Səfərin məqsədi Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən həyata keçirdiyi hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpuslara göstərməkdir.

PARLA xəbər verir ki, ilk olaraq Bərdədə jurnalistlərlə görüşən rəsmilər dünənki təxribatdan danışıblar.

H. Hacıyev bildirib ki, bu, bir daha Ermənistanın əsl simasını göstərir:”Onların gücü yalnız qadınlara, uşaqlara çatır. Bura Bərdənin mərkəzidir. Burada hərbi obyekt yoxdur. Şəhərin mərkəzinə 5 “Smerç” raketi atanın məqsədi başqa nə ola bilər? Bu, hərbi cinayətdir. Bu cinayəti törədən də Ermənistanın baş naziri Nikol Paşinyandır. Baş verənlərə baxmayaraq, Bərdədə insanlarımız Prezidentimizin yanındadırlar.

“Biz bundan sonra Tərtərə gedirik, atırlarsa atsınlar” deyən prezidentin köməkçisi fikirlərini bu cür davam etdirib:

“Əgər kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar. Ali Baş Komandanın da dediyi kimi, iti qovan kimi qovuruq onları. Axıra qədər qovacağıq”.

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev hadisə nəticəsində 70-dən çox yaralı olduğunu bildirib:

“3 nəfər Bakı şəhərinə göndərilib, digər şəhər xəstəxanalarına da təxliyyə olunanlar var. Bura cəbhə zonasından 70 kilometr məsafədədir. Əsasən mülki şəxslər hədəf götürülüb. Qadağan olunmuş kasetli bomba atılıb ki, partlayarkən yayılsın və mümkün qədər çox dinc sakin həlak olsun.

Düşmən öz məqsədinə nail olmadı. Gəncədə, Qarayusifli kəndinə və Bərdə rayonuna atılan mərmilər insanları daha da birləşdirir. Biz Vətən müharibəsi aparırıq, bunun fərqindəyik. Bu gün hər kəs öz işi ilə məşğuldur. Belə şeylər bizi sarsıda bilməz. Bərdə camaatının da dediyi budur ki, biz arxa cəbhədəyik”.

www.parla.az