Hərbi Ekspert: “Rusiyadansa Türkiyənin təsiri altına düşək”backend

Hərbi Ekspert: "Rusiyadansa Türkiyənin təsiri altına düşək"

Azərbaycan ən uzun karantin rejimində qalan ölkələrdən biri oldu. Artıq 6 aydır ki, karantin rejimi davam edir. Amma bu Azərbaycan üçün hələ son hadisə deyildi.

İyul ayında Tovuz istiqamətində Ermənistan və Azərbaycan tərəfləri arasında qarşıdurma başladı. Böyük müharibə təhlükəsi yaxınlaşırdı. Azərbaycanın döyüş şəraitində ilk generalı da məhz bu atışmalarda həlak oldu. Müharibəni dəstəkləyən insanların çoxu orduya dəstək üçün meydanlara axışdı.

Bütün bu durumlarla bağlı mütəxəssis rəyini öyrənmək üçün hərbi ekspert və psixoloq Azad İsazadəylə əlaqə saxladıq.

PARLA müsahibəni təqdim edir:

Artıq 6 aydır ki, virusun yayılması və pandemiya dövrü davam edir. Sizcə insanlar bu qeyri-müəyyənlikdə nə etməlidir?

– Bütün dünyada rəsmi təhlükə var. İnanırıq, inanmırıq, bu ayrı məsələdir. Amma hansısa dayaq nöqtəsi olmalıdır. Biz rəsmi məlumata inanmırıqsa, maska taxmırıqsa, özümüzü qorumuruqsa ətrafımızdakıları risk altına qoyuruq. Yox, əksinə, biz özümüzü və ətrafımızdakıları qoruyuruqsa bununla heç nə itirmirik və risk azalır. Pandemiya nəticəsində iki böyük qrup yarandı. Hardasa 15-20 % insan panikaya düşüb – evdən çıxmır, bütün gün evi təmizləyir, əlini yuyur, heç kimlə salamlaşmır, mağazaya belə getmirlər. Digər qrupda isə təxminən yenə 15-20 % insan ümumiyyətlə veclərinə də almır. Bütün dünyada bu belədir. Bu iki qrupun arasında orta insanlar qalıblar. Bu qrupa daxil olanlardan kimsə biraz qorxuya tərəfdir, kimsə biraz digər qrupa tərəfdir amma hansısa qaydalara riayət edirlər. Biz bir şeyi başa düşməliyik ki, maska taxanda mən özümü qorumuram, mən ətrafdakıları özümdən qoruyuram. Çünki mən virus daşıyıcı ola bilərəm. Bunu taxmaqla qəhrəmanlığımı və ya qorxduğumu göstərmirəm. Düşünməliyik ki, bəlkə mən bu gün yoluxmuşam?. İkinci karantin başlayandan sonra əhalinin arasında ikinci qrup azalmağa başladı. Artıq insanların öz tanışları yoluxmağa başladı, məlumatlar daha kəskin gəlirdi. Birinci qrup isə artmağa başladı.

Necə düşünürsüz, birinci qrup adlandırdığınız insanlarda yaranan psixoloji pozuntunun fəsadları normal həyata dönən zaman bitəcəkmi?

– Birinci qrupu şərti olaraq Koronafobiya adlandıra bilərik. Bəziləri yavaş-yavaş sakitləşəcək. Görəndəki virus azalır, ailə üzvlərinin heç biri yoluxmayıb, hər şey yaxşıdır, tələb olunan əməlləri ediblər nisbətın sakitləşirlər. Amma birinci qrupun içində lap sabah COVİD tam həll olunsa belə fobiya müstəqil vas-vasılığa, qorxuya, panik atakaya gətirib çıxara bilər. Bu panik atak götürüləndən sonra onlar artıq yavaş-yavaş evdən çıxmağa başlayırlar.

Mövcud vəziyyət insanlarda aqresiya yaradıb. Bu vəziyyətin idarə edilməsi istiqamətində dövlətin gördüyü maarifləndirmə işləri məqbul sayılırmı?

– Yox. Həddindən artıq azdır və zəifdir. Təbliğat çox formal və quru xarakter daşıyır. Adi plakatlarla maska tax, əlini yu xəbərdarlığı azdır. Yeni-yeni görürük ki, mağazaların qapısında növbə yaranmağa başladı. Əvvəl nə qədər adam gedirdisə hamısı buraxılırdı. İndi bilirlər ki, mağazada sıxlıq olmaz. Avtobuslarda bir müddət dezinfeksiya qurğuları yoxa çıxmışdı, yenidən quraşdırılıb. Əsas əks təbliğat nədən ibarət idi, inanmayanların arqumenti bu idi ki, bu nə epidemiyadır bir nəfər də tanış yoxdur ki, ona yoluxsun. Sonra başladılar yoluxan məşhurların adlarını çəkməyə. Bu məlumatı nədənsə məxfi saxlayırdılar. Bəzi ölkələrdə onlayn sistem ilə hər bir saat yoluxanların adları təzələnir. Nəyinki şəhər, məhəllə-məhəllə yenilənir. Bakı böyükdür, Xırdalanda çoxalıbsa, mən Yasamalda yaşayıramsa nisbətən rahatam. Yasamalda çoxalıbsa mən daha ehtiyatlı olmalıyam. Binanın qonşu blokunda yoluxan varsa tədbirlərim daha ciddi olmalıdır. Belə təbliğat olmalı idi. İkinci karantin zamanı da təcrübə göstərdi ki, TƏBİB tam olaraq öz funksiyasını yerinə yetirə bilməyib. TƏBİB-in bəzi funksiyalarını Səhiyyə Nazirliyinə qaytardılar. Ondan sonra nisbətən vəziyyət sabitləşməyə başladı.

Karantin insanların orduya dəstək yürüşünə çıxmasına nə dərəcə təsir göstərdi?

– Pandemiyanın birbaşa təsiri yoxdur. Məncə əksinədir. Azərbaycan əhalisi uzun müddətdir ki, qələbə arzusuyla yaşayır. Əhalinin bir çoxu başa düşür ki, sülh yolu ilə biz Qarabağı ala bilməyəcəyik, ya müharibə yolu ilə Qarabağı azad edirik, ya da Qarabağdan imtina etməliyik. Aydındır ki, bunu heç kim istəmir. Döyüşlər başlayan kimi qələbə arzusu və müharibəyə hazırlıq vəziyyəti insanları küçəyə çıxartdı. Böyük müharibə başlasaydı pandemiya şəraiti hesablanmayacaqdı. Karantin şəraitində müharibə aparmaq qeyri-mümkündür. İstər xalq, istər dövlət seçim etməliydi. Müharibəyə başlayırıq, ya güllənin altında ölək və virusdan qorxmayaq ya da otururuq evdə və sosial məsafəni qoruyuruq. Nümayiş göstərdi ki, biz virusdan qorxmuruq. Lazım olarsa virusa yoluxmağa da hazırıq, təki bizi döyüşə göndərin. Koronavirus bu məsələyə təsir edə bilmədi. Milli Məclisə isə daxil olan çox olmadı. On minlərlə insan içində 50-100 nəfər Milli Məclisə daxil olmuşdu. Təxribatdır və ya emosiyaya uyublar amma bir mənası yox idi. Bəlkə də təxribatdır və ya düşünülmədən olan addımdır. Şəhidlər Xiyabanının yanında Milli Məclis yox, başqa idarə olsaydı ora daxil olardılar. Məntiqlə müharibəyə hazır olan əhali yaxındakı Müdafiə Nazirliyinə getməliydi ki, bizi aparın döyüşə.

Daxildən bu qədər dəstək alan bir ölkənin beynəlxalq arenadakı mübarizəsini necə qiymətləndirirsiz? Ermənistan rəsmi olaraq dövlətlər arası sərhəddə yerləşən bir ərazini atəşə tutdu. Biz bundan istifadə edə bildik mi?

– Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək gözləyirdi. Döyüşlər nəticəsində müqaviləyə görə birmənalı Ermənistanın tərəfindən çıxış edilməli idi, lazım olarsa ora qoşun da göndərə bilərdi. Burada əsas rolu Rusiya oynayırdı. Söhbət qoşun göndərməkdən çox bəyanatdan gedirdi. Amma oyuncaq blok olmağına baxmayaraq birmənalı olaraq etiraz etdilər və Ermənistana siyasi dəstək də vermədilər. Rəsmi bəyanat formasında heç bir ölkədən dəstək ala bilmədi. Ən yaxşı halda neytral mövqelər oldu. Türkiyə kimi dövlət belə o dərəcə kəskin bəyanat verməmişdi. Bu hadisədən sonra öz qoşununu Azərbaycana göndərdi. Bəli, bu təlim vaxtı idi amma bu da bir nümayişdir. Bir rus politoloqu belə bir şərh vermişdi: “Türkiyə istəsə Ermənistan ordusunu və orada yerləşən Rusiya ordusunu 3 gün ərzində məhv edib məsələni həll edə bilər. Rusiyanın orada nəsə etməyə imkanı olmayacaq. Nüvə silahından istifadə etməyə məcbur olacaq”. Bu da bir ciddi mesaj idi. Faktiki olaraq Rusiyanın regionda hərbi baxımdan nəsə etmək imkanları məhduddur. Rusiyanın beynəlxalq səviyyədə bir arqumenti var, o da nüvə silıahıdır. Məcbur olacaq bu yolla hədələməyə. Bu da təsir edən amildir.

Belə bir alternativ yarandı ki, Rusiya Tovuz istiqamətində bilərəkdən suni döyüş ocağı yaradarak Türkiyəyə mesaj göndərib və Türkiyə də məsələyə daxil olaraq mesaja cavab verib. Sizcə Türkiyənin bizə yardımı qardaşlıq hissindən yoxsa dövlət marağından yarandı?

– Türkiyə hər zaman Azərbaycanı dəstəkləyib. Sadəcə o dəstək daha çox siyasi bəyanat xarakteri daşıyıb. Bu dəfə isə reakisya daha kəskin oldu. Osmanlı və Rusiya imperiyası dağılanda onların ərazisində çoxlu sayda dövlət yarandı. Liviya, Suriya yəni Yaxın Şərq Osmanlı İmperiyasının ərazisi idi. Türkiyə o əraziləri rəsmi olaraq özünün hesab etməsə də orada olan qayda-qanuna nəzarət etməyi özünə borc bilir. Həmin hissiyatla da Rusiya hesab edir ki, Cənubi Qafqaz – Gürcüstan, Ermənistan və Azərbaycan keçmiş Rusiyanın ərazisidir. Rusiya hazırda Yaxın Şərqdə Türkiyənin “zonasına” müdaxilə edir deyə Türkiyə cavab olaraq göstərdi ki, mən də sənin ərazinə müdaxilə edə bilərəm. Sənə olarsa, mənə də olar. Rəsmi olaraq əraziləri olmasa da şərti olaraq belə hesab edirlər. Livan əvvəllər Fransanın kolonyası olduğu üçün Makron Livanın paytaxtındakı partlayışdan dərhal sonra Beyruta getdi. Məsuliyyət hələ də onlarda qalıb.

Bəs bundan sonra Qarabağ münaqişəsində dörtlü müzakirələr olacaq?

– Dəqiq demək çətindir. Biz başa düşürük ki, Türkiyə indi özü də çətin vəziyyətdədir. Müxtəlif cəbhələrdə ordusu var. Üçüncü cəbhə açmaq onlar üçün maraqlı deyil. Lakin Rusiya əlini Yaxın Şərqdən çəkməsə, Rusiyanı Cənubi Qafqazda hərbi konfiliktə qoşmaqla, Rus ordusunun Yaxın Şərqdəki mövqelərini zəiflədə bilər. Həm də Cənubi Qafqazda söhbət təkcə Rusiya və Türkiyə maraqlarından getmir. Burada Avropanın, Amerikanın da marağı var. Tovuzdan Avropaya keçən boru kəmərini elə nümunə çəkə bilərik. Onlar müharibəinin qızışmasına çox da maraqlı olmaya bilərlər.

Bəzi insanlar Türkiyənin dəstəyini alqışlasa da ehtiyatlı olmağa çağırıb. Ermənistanın Rusiyadan asılı olduğu kimi biz də Türkiyənin təsirinə düşə bilərikmi?

– 1939-cu ildə Polşanın bir hissəsini Almaniya, digər bir hissəsini isə Rusiya işğal edəndə Polşalı yazıçı belə bir misal çəkmişdir: “Hə, Hitler faşistdir, bizi indi Faşist Almaniyası işğal etdi amma Hitler daimi deyil. Almaniyanın mədəniyyəti, texnologiyası Polşanın gələcəyinə müsbət təsir edə bilər. Rusiyada isə Stalindən sonra kimsə gəlsə də Rusiya Polşaya heç nə gətirə bilməz”. Sonrakı hadisələrdə isə Şərqi Almaniyanın və Qərbi Almaniyanın inkişafı bunu sübut etdi. Bu gün biz baxsaq ki, Türkiyə necə yaşayır, Rusiya necə yaşayır, biz kimin təisi altında yaşayaq? Sözsüz ki, təsir altına düşməmək ən yaxşı variantdır. Əgər kiminsə təsiri altına düşməliyiksə elə öz dilimizdə danışan və inkişaf etmiş Türkiyənin təsiri altına düşək. Seçim ediriksə heç olmasa yaxşısın seçək. Təbii ki, çalışmalıyıq ki, heç kimin təsiri altına düşməyək. Düşsək belə istərdik ki, İsveçrənin, Norveçin təsiri altına düşək. Amma bir tərəfdə İran, bir tərəfdə isə Rusiya.

Pandemiya dövrünü də nəzərə alsaq, Azərbaycanda döyüş əvvəli və sonrası hansı fərqləri görürük?

– Döyüşlər qısa müddətli olduğuna görə böyük təsir etmədi. Sözsüz ki, yüksək rütbəli zabitlərin ölümü təsir etdi. Münaqişə başlayandan ilk dəfə idi ki, müharibə şəraitində general itkisi oldu. Bu çox mənfi emosiya yaratdı əhalidə. Paralel olaraq görürük ki, maşınlarda, mağazalarda Polad Həşimovun şəkilləri asılır. Döyüşlərin özü çox qısa müddətində və nəticəsiz bitdiyinə görə əhalidə natamamlıq yarandı. İnsanlar düşünür ki, gərək biraz da irəlləyərdik. Amma Ruh düşgünlüyü yaranmadı.

 

Söhbətləşdi: Taleh Rəcəb

www.parla.az