“Ermənistan Laçın dəhlizini nəzarətində saxlamaq istəsə də, mən bu imkan vermədim”backend

"Ermənistan Laçın dəhlizini nəzarətində saxlamaq istəsə də, mən bu imkan vermədim"

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərək bütün laçınlıları təbrik edib və bir çox məqamlara aydınlıq gətirib:

“Əziz həmvətənlər. Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Biz bir güllə atmadan Laçın rayonunu qaytardıq, düşməni buna məcbur etdik. Biz ilk növbədə laçınlıları Laçına qaytaracağıq. Onları təbrik edirəm.

Uzun illər ərzində – 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir”.

Dövlət başçısı bildirib ki,  bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi:

“Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox. Misal üçün, əgər Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına baxsaq, orada daha çox hərbi hissələr yerləşirdi. Çünki orada bütün evlər, binalar mənfur düşmən tərəfindən dağıdılmışdı. Orada hərbçilər, onların ailə üzvləri yaşayırdı və çox az sayda mülki əhali yaşayırdı. Xaricdən gətirilən ermənilər oraya göndərilmirdi. Laçın rayonu isə artıq Ermənistan tərəfindən çox ciddi dərəcədə nəzarətə alınmışdı və orada çox böyük məskunlaşma proqramı icra edilmişdi. Orada minlərlə insan yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır.

Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir”.

Prezidentin sözlərinə görə, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi: “Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir”.

 

www.parla.az