Döyüşdə yaralanan Xalq artisti: “Aldığım zədələr məni ana olmağa qoymadı”backend

Döyüşdə yaralanan Xalq artisti: “Aldığım zədələr məni ana olmağa qoymadı”

90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə əlil olan ilk və son Xalq artisti, Şuşa Dövlət Dram Teatrının aktrisası Şükufə Musayeva Kulis.az-a müsahibəsində müharibədə iştirakından, onu cəbhəyə aparan səbəblərdən danışıb:

“Yalnız və yalnız vətən sevgisi. Vətənimin işğal olunmasına kənardan baxa bilməzdim. O vaxt vəziyyət sizin təsəvvür etdiyinizdən də ağır idi. Və mən Şuşanı sevirdim. İnsan sevdiyinin əlindən alınmasını sakit qarşılaya bilməz.

Cəbhədə qadın anlayışı olmur. Mən orda qadın deyildim. Döyüşçü idim. Hamı mənə döyüşçü kimi yanaşırdı. Bütün hisslərimi unutmuşdum. Sevgi, qorxu, həyəcan…. Heç nə hiss etmirdim. Mən fəxrlə xatırlayıram o illəri. Çünki cəbhədə Azərbaycan qadınlarının utanacağı heç nə yaşanmayıb.

Ağdərə uğrunda gedən döyüşlərdə 100 qəlpə yarası aldığını deyən aktrisa aldığı zədələr nəticəsində ana olmaq şansını itirir.

“Mən yaralı yoldaşlarımızı döyüş meydanından çıxarıb BMP-yə daşıyırdım. Rəhmətlik Milli Qəhrəman Şakir Salahov məni səslədi, dedi, bacı, ver, burdan o yana mən aparacam. Xərəyi məndən aldı. Elə bir az aralanmışdım, dəhşətli partlayış səsi gəldi. Bircə söz eşitdim: “Ay Allah öldüm!” Atılan mərmi onun bədənindən keçib BMP-yə girmişdi. Bizi isə qəlpələr tutdu. Mən huşumu itirdim. Ayılanda gördüm, BMP yanır. Xatırladığım odur ki, komandiri səsləyib deyirdim, komandir, kömək edin, uşaqlar yandı! Həmin gün 8 nəfər ağır yaralandıq, iki nəfər şəhid oldu. Çoxu deyirdi, mən qayanın dibinə düşmüşəm. Yıxılanda gülümsəmişəm.

Çox qan itirmişdim. Boğaz damarlarımda, üzümün müxtəlif nahiyələrində qəlpə izləri var. Gözümün ağında belə qəlpə var idi. Hələ də soyuq havalarda gözlərim ağrıyır. Qulaq pərdəm dağılmışdı. Bir qulağım eşitmə qabiliyyətini itirib. Beyin çatı əmələ gəlmişdi. Saatlarla üstümdə əməliyyat aparıldı. Əməliyyat otağında eşitdiyim bir sözü xatırlayıram. “Allaha şükür ki, ölmədi”. Uzun saçlarım var idi. Başımın arxasındakı qəlpəni çıxartmaq üçün saçlarımı kəsdilər. Çox ağladım, istəmirdim saçıma toxunsunlar”,-deyə qeyd edib.

 

www.parla.az