DİM: Ali məktəblərə qəbulun şərtləri dəyişdirilməyəcəkbackend

DİM: Ali məktəblərə qəbulun şərtləri dəyişdirilməyəcək

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən müsabiqə şərtləri Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

PARLA xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Müsabiqə şərtləri bu il də Təhsil Nazirliyi ilə birgə müzakirə olunub və imtahanlardan öncə ictimaiyyətə təqdim olunub və hüquqi cəhətdən bu şərtlərin dəyişdirilməsi DİM-in səlahiyyətlərində deyil.

Müsabiqə vəziyyəti bir neçə amilə əsasən formalaşır: Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerləri, müsabiqədə iştirak edəcək abituriyentlərin sayı və onların topladıqları ballar. Plan yerlərinin sayı ötən illə müqayisədə demək olar ki, dəyişməyib (1% artıb).

Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar qeyd edə bilərik ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu il həm qəbul proqramı, həm də imtahanın məzmunu, imtahan suallarının təqdimedilmə forması daha da sadələşdirildi. Respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən, tədrisi 2020-ci ilin mart-iyun aylarında nəzərdə tutulan mövzular ənənəvi qaydada keçirilmədiyi üçün qəbul imtahanı proqramından qeyd edilən dövrə aid mövzular çıxarıldı və imtahanlarda o mövzulara aid test tapşırıqları istifadə olunmadı. Bundan əlavə, imtahanın birinci mərhələsində istifadə olunan və yazılı cavab vermək tələb edən açıq tipli tapşırıqların sayı 50% azaldıldı.

Şübhəsiz, qeyd olunanlar abituriyentlərin imtahan nəticələrinə öz müsbət təsirini göstərmiş oldu və aşağıdakı cədvəldə göstərilən statistik rəqəmlər də bunu sübut edir. Burada 2019 və 2020-ci ildə hər bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılan abituriyentlərin sayının müqayisəsi təqdim olunur.

Cədvəldən də göründüyü kimi, ötən il və bu il imtahan iştirakçılarının sayı ilə müsabiqəyə buraxılanların nisbəti demək olar ki, eynidir.

2020 və 2019-cu illərdə qruplar üzrə imtahan iştirakçıları sırasından müsabiqə şərtini ödəyən abituriyentlər (150-700 bal toplayanlar) haqqında məlumat

I QRUP

İl İmtahan iştirakçılarının sayı Müsabiqəyə buraxılanlar, % Müsabiqəyə buraxılanlar, nəfər
2020 28242 58.9 16627
2019 27927 57.1 15943

 II QRUP

İl İmtahan iştirakçılarının sayı   Müsabiqəyə buraxılanlar, %  Müsabiqəyə buraxılanlar, nəfər
2020  13023  63.4  8256
2019  15992  64.8  10364

 III QRUP

İl İmtahan iştirakçılarının sayı  Müsabiqəyə buraxılanlar, %  Müsabiqəyə buraxılanlar, nəfər
2020  21410 84.3 18047
2019  21554 81.3 17530