Diaspora Komitəsinin verdiyi mükafatdan bu dəfə Kanada rəsmisi imtina etdibackend

Diaspora Komitəsinin verdiyi mükafatdan bu dəfə Kanada rəsmisi imtina etdi

“Neuron Technologies” şirkətinin rəhbəri, Kanadada yaşayan Azərbaycan icmasının nümayəndəsi İsmayıl Ələkbərov Diaspora Komitəsinin ona verdiyi təşəkkürnamədən imtina edib.

PARLA xəbər verir ki, İsmayıl Ələkbərov bu barədə öz “facebook” hesabında məlumat paylaşıb. “Neuron Technologies” şirkətinin rəhbərinin təşəkkürnamədən imtina səbəbi ilə bağlı yazdıqlarınndan bəzi hissələri təqdim edirik:

“Diaspora Komitəsi tərəfindən mənə verilən təşəkkürnamədən imtina edirəm….  Yarı ağlamalı, yarı gülməli, amma bir xalq olaraq dərs alıb nəticə çıxarmalı olduğumuz vacib məsələlərdən biri…

Mən canımdan artıq sevdiyim Azərbaycan adına gördüyüm işləri təşəkkürnamə və ya medal almaq üçün etmirəm. Bu təşəkkürnamənin mənə verilməsinə görə Diaspora Komitəsinə minnətdarlığımı bildirirəm, lakin onu qəbul edə bilmərəm. Ümid edirəm ki, anlaşıqla qarşılanar.  Səbəblərini aşağıda ətraflı şəkildə açıqlayıram:

Bir neçə gün öncə Diaspora Komitəsi 51 ölkəsindən 500 diaspora üzvünün qatıldığı ZOOM konfransı keçirdi və mən də tədbirdə iştirak etdim. Mən də daxil olmaqla, Kanadada yaşayan minlərlə icma üzvümüz çox üzüldü, çox sarsıldı.  Vətən Müharibəsində  Kanada arxa cəbhəsində böyük işlər görmüş minlərlə soydaşımızın əməyinə qiymət verilmədi.

Mən Azərbaycan adına gördüyüm işləri medal, ödül almaq üçün etmirəm. Bu, mənim vətəndaşlıq borcumdur.  Məncə hər bir həmvətənim bu fikrimi paylaşır.  Bu yazını da medala layiq görülmədiyim üçün yazmıram. Medal və təşəkkürnamələrə haqqı çatan çoxlu sayda insanlarımız var, onlara görə yazıram.  Məni bu gün Kanada Azərbaycanlılarının liderlərindən biri adlandırırlar.  Bəs əgər mən sussam, onda nə cür lider olaram? Medal heç mənə də verilməli deyildi, amma bir neçə digər icma üzvlərimiz vardır ki, onlar bu medalı da, təşəkkürnaməni də haqq edirdilər.  Diaspora Komitəsindən xahiş edirəm ki, o xanıma medal azdır, o təşəkkürnamədə mənim adımı silib, onun adını yazsınlar və medalın üstündə mənim təşəkkürnaməmi də göndərsinlər ona. Onun medala da, təşəkkürnaməyə də bəlkə böyük ehtiyacı vardır, bəlkə də yox. Mən isə Kanadada icmamızın liderlərindən olaraq, özümə təşəkkürnamə götürüb komandasının gözündə aciz lider ola bilmərəm. Bir daha bu təşəkkürnaməyə görə Komitəyə minnətdarlıq edirəm, lakin mən onu yuxarıda izah etdiyim səbəblərdən qəbul edə bilmərəm. Anlaşıqla qarşılanacağına ümid edirəm”.

www.parla.az