Çavuşoğludan Qarabağ münaqişəsi ilə bağlı sərt reaksiyabackend

Çavuşoğludan Qarabağ münaqişəsi ilə bağlı sərt reaksiya

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Ann Linde ilə birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə toxunub.

İsveç XİN rəhbərinin “Atəşkəs əldə olunmasına baxmayaraq, Dağlıq Qarabağda davam edən qarşıdurmalar bizi çox narahat edir. Tərəfləri bu münaqişələri dayandırmağa və razılığa əməl etməyə dəvət edirəm” sözlərindən sonra çıxış edən Çavuşoğlu bu fikirə sərt reaksiya verib:

“Beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarını qəbul edirik, ancaq buna əlavə olaraq, Ermənistanın geri çəkilməsini çağırsalar, o zaman beynəlxalq birliyin bu problemi həll etmək istəyini görə bilərik, amma bu çağırış edilmir. Söhbət Krım və Ukraynadan gedəndə, ATƏT də daxil olmaqla hamımız Rusiyanın geri çəkilməli olduğunu söyləyirik, ancaq Qarabağ məsələsində eyni çağırışı etmirik”.

PARLA xəbər verir ki, M. Çavuşoğlu Ermənistan silahlı qüvvələrinin iyul ayında Tovuzda törətdiyi təxribat, eyni zamanda mülki əhaliyə qarşı hücumlar barədə A. Lindeni məlumatlandırıb:

“Türkiyə olaraq bu günə qədər münaqişənin sülh yolu ilə həllini dəstəklədiyimizi bəyan etmişik. Lakin bu cəhdlərin nəticəsiz qalması Ermənistanı daha da cəsarətləndirdi. Ermənistan xüsusilə azərbaycanlı mülki əhalini hədəf alır. Moskvadakı danışıqlardan əldə olunan humanitar atəşkəsdən sonra belə Ermənistan mülki əhaliyə hücum etməyə davam edir. Mülki əhali arasında xeyli sayda itki var. Həmsədrlər münaqişəni həll etmək üçün bu günə qədər konkret bir addım atmayıblar. Minsk Qrupu olaraq 9+2 formatında toplantı keçirməkdə fayda var. Bu təklifi bu gün gündəmə gətirdik. Xüsusilə də həmsədrlər Minsk Qrupuna hesabat verməlidirlər. Bu günə qədər hansı işlər görülüb, nəyi edə bilməyiblər, münaqişə niyə həllini tapmayıb və s. məsələlərə aydınlıq gətirilməlidir. Artıq bu istiqamətdə addım atmağımız lazımdır. Münaqişənin həllinin tək yolu Ermənistanın Azərbaycan torpaqlarından çıxmasıdır. Biz bunu dəfələrlə bildirmişik. Biz həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycanı dəstəklədiyimizi dedik. Bu gün də bunu deyirik”.

www.parla.az