BP-Azerbaijan: “Hərbi əməliyyatların genişləndirilməsindən çox narahatıq”backend

BP-Azerbaijan: "Hərbi əməliyyatların genişləndirilməsindən çox narahatıq"

“Biz Azərbaycan ərazisində mülki yaşayış yerlərini və infrastrukturu hədəfə almaqla hərbi əməliyyatların genişləndirilməsindən çox narahatıq”.

Bu barədə “BP-Azerbaijan” şirkətindən bildirilib.

“Xüsusilə də dünən Azərbaycan hava qüvvələri tərəfindən qarşısı alınmış və Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac və Cənubi Qafqaz Qaz Boru kəmərləri yaxınlığında məhv edilmiş raket hücumu haqqında xəbərlərdən çox narahat olmuşuq. Azərbaycanda əməliyyatçısı olduğumuz bütün obyektlərin təhlükəsizliyini Azərbaycan hökuməti təmin edir, amma bununla belə, öz işçilərimizin, əməliyyatlarımızın və əməliyyatçısı olduğumuz obyektlərin təhlükəsizliyini təmin etmək yönümündə müvafiq orqanlarla yaxından işləyirik.

Bir daha biz Azərbaycanda mülki yaşayış yerlərinə və infrastruktura hücumlardan çox narahat olduğumuzu bildiririk və çox ümid edirik, bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış suveren əraziləri çərçivəsində öz ədalətli həllini tapacaq”, – şirkət bəyan edib.

Xatırladaq ki, ötən gün axşam saatlarında Ermənistanın silahlı qüvvələrinin Yevlax rayonu ərazisində BTC neft kəmərini hədəf alan raket zərbələrinin qarşısı alınıb. Hazırda ixrac kəməri əvvəlki kimi fəaliyyətini davam etdirir, amma hadisə ilə bağlı cinayət işi başlanılıb.

“Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının və Konvensiyaya edilmiş əlavə Protokolların tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Ermənistan Silahlı Qüvvələrinin silahlı birləşmənin üzvləri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə 6 oktyabr 2020-ci il tarixdə, saat 18:30 radələrində Yevlax rayonunun silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən, fərqləndirilən və xam neft və kondensat ixrac edən kəmərləri hədəfə almaqla, eləcə də döyüşlərdə iştirak etməyən, hərbi əməliyyatlar aparılan ərazidən ən azı 50 kilometrdən artıq məsafədə yerləşən Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində beynəlxalq hüquqla qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını tətbiq edib mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara raketlə hücum etməklə 9M525 qəlpəli “Smerç” nəslindən olub böyük dağıdıcı qüvvəyə malik, içərisində 300 ədəd 9N235 bombacıqları olan reaktiv yaylım atəşli raketdən atəş açıb, Azərbaycan silahlı qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisindəki bombacıqlardan bir hissəsi Yevlax rayonu Aran qəsəbəsindən keçən diametri 42 düym olan Cənub Qafqaz Genişlənmiş Boru kəmərinin boru xəttinin üzərinə, bir hissəsi həmin ərazidən keçməklə xam nefti Qara dəniz sahilinə nəql edən Qərb İxrac Boru kəmərindən 120 metr məsəfəyə, digər hissələri isə həmin qəsəbədən keçən BTC neft kəmərindən 100 metr məsafəyə səpələnib, bununla da neft ixrac edən və dağıdılması əhəmiyyətli əmlak ziyanının vurulmasına səbəb ola bilən böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yaratmaqla infrastruktur obyektlərinə və digərlərinə məxsus xüsusilə külli miqdarda əmlakların qəsdən məhv edilməsinə cəhd olunub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, terrorçuluq cinayəti törədilib”, – deyə Baş Prokurorluğun açıqlamasında qeyd olunub.

www.parla.az