Binəli Yıldırım: “Azərbaycan hər gün qəhrəmanlıq dastanları yazır”backend

Binəli Yıldırım: "Azərbaycan hər gün qəhrəmanlıq dastanları yazır"

Prezident İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş Naziri Binəli Yıldırımı qəbul edib.

PARLA xəbər verir ki, görüş zamanı hər iki ölkədəki son vəziyyət müzakirə edilib.

“Hörmətli Binəli bəy, biz sizinlə bərabər bu tarixi birlikdə yaşamışıq. Yaxşı bilirik, nə qədər böyük səylər göstərildi ki, Türkiyə və Azərbaycan bir-birinə daha da yaxın olsun. Çox önəmli layihələrin, sizin də rəhbərlik etdiyiniz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi onların sırasında mühüm yer tutur. Bundan sonra digər layihələr də olacaq. İnşallah, bundan sonra da uğurlu işbirliyimiz davam edəcəkdir.

Sizə bir daha təşəkkürümü bildirirəm. Bilirəm ki, sizin səfəriniz bizə həmrəylik, dəstək göstərmək mənasını daşıyır. Buna görə də çox minnətdaram”, – deyə prezident bildirib.

Binəli Yıldırım öz növbəsində təşəkkür edərək iki qardaş ölkənin münasibətlərindən danışıb.

“Təbii ki, Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsində əvvəldən bəri daim onun yanındayıq. Heydər Əliyev cənablarının “Bir millət, iki dövlət” şüarını o gündən bu günədək davam etdiririk. Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız. Çünki Azərbaycan bu müharibədə öz torpaqlarını işğalçılardan təmizləyir.

Azərbaycan 27 ildir davam edən bu işğala son qoyur, öz ərazilərinin azad olunmasını təmin edir. Buna görə Azərbaycan gecə-gündüz böyük vətənpərvərlik nümunəsi göstərərək hər gün qəhrəmanlıq dastanları yazır. Buraya gələrkən bir qədər əvvəl yenə bir xəbər oxudum, bir təyyarə məhv edilib” , – deyə keçmiş baş nazir bildirib.

Qeyd edək ki, görüşdən sonra Prezident İlham Əliyev Binəli Yıldırım ilə xatirə şəkli çəkdirib, Türkiyə rəsmisinin təqdim etdiyi xatirə hədiyyəsini qəbul edib.

 

www.parla.az