Belarus son həddə çatıb: Bundan sonra nə olacaq?backend

Belarus son həddə çatıb: Bundan sonra nə olacaq?

BelAZ yük maşını istehsal edən nəhəng zavodun qarşısında dayanarkən, özünü 1917-ci il Rusiya bolşevik inqilabı dövründə olduğu kimi hiss edirsən. İnsanlar vərəqələr paylayır, fəhlələr tətil komitələri təşkil edir, “yoldaşlar” isə ehtiraslı nitqlər söyləyərək həmkarları tətilə qoşulmağa çağırırlar.

Bu tətillər Belarusda müxalifət hərəkatına ciddi təkan verdi. Minlərlə insan saxta hesab etdiyi seçkiyə etirazlarını bildirmək üçün küçələrə çıxıb. Amma etirazçılara dəstək nümayiş etdirən fəhlə tətillərindən sonra indi çoxlarını düşündürən, bundan sonra onlar üçün və Belarus üçün nə olacağı ilə bağlı sualıdır. Müxalifət liderləri nəsə bir plan hazırlamağa çalışırlar. Növbəti ediləsi məsələləri müəyyən etmək üçün onlar Koordinasiya Şurası yaradıb.

Lakin çərşənbə axşamı keçirilmiş mətbuat konfransında onlar vaxtın çox hissəsini hakimiyyəti ələ keçirməyə çalışdıqları barədə prezident Aleksandr Lukaşenkonun ittihamlarını inkar etməyə sərf ediblər.

Növbəti addımlar

“Biz yalnız qanuni və qeyri-zorakı üsullardan istifadə edirik”, – müxalifət namizədi Svetlana Tixanovskayanın komandasının üzvü Olqa Kovalkova deyib.

“Şuranın bütün üzvləri seçki kampaniyası və səslərin hesablanması zamanı kütləvi pozuntuların baş verdiyini qeyd edərək seçkilərin nəticələrini tanımırlar. Onlar polisin zorakılığını cinayətkar hesab edir və bütün siyasi məhbusların azad edilməsini tələb edirlər.”

Məsləhət Şurasının üzvləri irəli getmək üçün nəzərdən keçirilən mümkün addımlar barədə dəfələrlə verilən suallara cavab verməkdən yayınırdılar. Bundan sonrakı addımlara dair aydınlığın olmaması müxalifət hərəkatını ciddi şəkildə zəiflədə bilər. Artıq zavodlarda tətillərin zəifləyə biləcəyini göstərən əlamətlər var.

Nəhəng Minsk traktor zavodunda (MTZ) tətil edənlərin maraqlarını təmsil edən Sergey Dilevskinin sözlərinə görə, zavod işçilərinin təxminən 20 faizi tətil edir. O deyir ki, digərləri iş yerini tərk etməkdən və hərəkatı dəstəkləməkdən ehtiyat edirlər. Bir çox işçilər işəgötürənlərin təzyiqləri ilə üzləşirlər.

“Onlar öz mükafat və maaşlarını itirməkdən qorxurlar”, – ağır yük maşınları və Avtobuslar istehsal edən MAZ-Minsk Avtomobil Zavodunda frezerçi Sergey Korovaç deyir.

“Onlar işlərini itirməkdən ehtiyat edirlər.”

Korovaç deyir ki, çərşənbə axşamı 10000-dən çox MAZ işçilərinin yalnız kiçik bir hissəsi tətil edib. Onun sözlərinə görə, bundan sonra bir çox işçilər cəsarətsizləşib və indi risk etməməyə üstünlük verirlər. Müstəqil tut.by xəbər şəbəkəsinin bildirdiyinə görə, zavod işçilərinə nazirliklərdən göndərilən məktublarda tətil edənlərin buna görə məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edilib.

Lider axtarışında

Müxalifətin tanınmış nümayəndəsi Mariya Kolesnikova deyir ki, hazırda unikal vəziyyət yaranıb: etirazlar mərkəzsizləşmiş və spontan qaydada baş verir: “Deməzdim ki, etirazları davam etdirmək üçün bizə lider lazımdır.”

Lakin konkret lider olmadan müxalifətin kütləni səfərbər edə biləcək gücündə olduğu aydın deyil. Müxalifətin namizədi Svetlana Tixanovskaya səsvermədən dərhal sonra Belarusu tərk etmək məcburiyyətində qaldı. Onun həmkarları deyirlər ki, onlar onun tezliklə qayıdacağını gözləyirlər və onun qayıdışı etiraz hərəkatına əlavə enerji verə bilər. Bazar ertəsi MTZ zavodunda fəhlələrlə görüşü zamanı etirazların başlanmasından bəri ilk dəfə olaraq prezident Lukaşenko hakimiyyətdən getməsinin mümkün ssenarisini açıqlayıb.

“Siz yeni referendum yolu ilə yeni Konstitusiyanı qəbul etməlisiniz, daha sonra prezident, parlament və yerli özünüidarəetmə orqanlarına yeni seçkilər keçirməlisiniz, – o bildirib. – Mən də Konstitusiyaya uyğun olaraq istefaya gedəcəyəm.”

O, aydın şəkildə bildirib ki, küçə etirazlarının təzyiqi altında bunu etməyəcək.

Amma etirazçıların əksəriyyəti prezidentin dərhal getməsini istəyir. Keçən bazar günü müstəqil Belarusun tarixində müxalifətin ən çoxsaylı mitinqindən sonra minlərlə etirazçı axşam vaxtı Minskin Müstəqillik meydanına toplaşmaqda davam edir. Bayram əhval-ruhiyyəli insanlar müxalifət bayraqlarını dalğalandırır və hərəkata qoşulanlara “Çox sağ olun” ifadəsini ucadan səsləndirirlər.

İlk baxışdan etirazların artıq maksimum həddə çatdığı təəssüratı yarana bilər. Həftə sonları böyük insan izdihamlarının toplanacağı gözlənilir. Hakimiyyətin etirazçılara qarşı tətbiq etdiyi zorakılığa və təhqirlərə insanların qəzəbi yaxın vaxtlarda yoxa çıxmayacaq. Bu mitinqlərə güc verən məhz bu hissdir.

Burada çoxları Belarusda baş verənləri qonşu Ukraynada 2014-cü ildə prezident Viktor Yanukoviçin hakimiyyətini devirən “Maydan” hərəkatıyla müqayisə edir.

Orada etirazların güc yığmasına bir neçə ay tələb olundu və bəziləri Belarusun məhz bu yolla gedə biləcəyini düşünürlər. Amma hətta müxalifət də deyir ki, Belarusda Maydanıın təkrarlanmasını istəmirlər, çünki Belarusda Maydan hərəkatı daha çox iğtişaş və təlatümlərlə əlaqələndirilir.

Burada insanlar etirazların dinc olduğunu nümayiş etdirmək üçün küçələrə ailəliklə, əllərində şar və çiçəklərlə çıxırlar. Amma Ukraynada da nümayişlər əvvəl dinc keçirdi – hakimiyyət etirazçıları dağıtmaq üçün güc tətbiq edənə qədər. (BBC)

www.parla.az