“Bakı Dövlət Universiteti (BDU) Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun 9.5-ci bəndini kobudcasına pozub”.
PARLA xəbər verir ki, bunu media və PR üzrə mütəxəssis Vüqar Baba şəxsi feysbuk səhifəsində qeyd edib. O, qanundan sitatlar gətirərək fikrini bu cür əsaslandırıb:
“Qanunun bu bəndində deyilir:
“Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı 3 (üç) metr hündürlükdə olsun”. Həmçinin, qanuna əsasən aypara və səkkiz guşəli ulduz təsviri qırmızı zolağın tən ortasında olmalıdır. BDU-nun bayrağında isə ay-ulduz mərkəzdə deyil, kənara doğrudur (bu təsvirdə ortada yox, yuxarıdadır). İndi kim universitetdən qovulmalıdır?”
Qeyd edək ki, bir neçə gün öncə BDU bayrağa hörmətsizlik etdiyini əsas gətirərək l kurs tələbəsi Pərviz Məhəmmədovu universitetdən qovub. Təhsil ocağının bu addımı sosial media istifadəçiləri arasında birmənalı qarşılanmayaraq qınağa səbəb olub.