Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildibackend

Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilməsi barədə açıqlama yayıb. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, N. Müseyibli bildirib ki, bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Xocavənd rayonunun işğaldan azad edilən Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmələri barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat veriblər. Bununla əlaqədar olaraq İnstitut tərəfindən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi məlumatlandırılıb.

Məlumat mühüm əhəmiyyət kəsb etdiyi üçün təcili olaraq DTX-nin nümayəndəsi ilə birgə İnstitutun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov həmin rayona ezam olunub. Yerində baxış zamanı müəyyən olunub ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar qablaşdırılıb. Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar dünən axşam Bakıya gətirilərək İnstitutun Arxeoloji Fondunda yerləşdirilib.

Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycandan çıxarmağa imkan tapmayıblar. Amma qanunsuz qazıntıların bütün tapıntılarının hamısının burada olub-olmadığı da məlum deyil.

Müseyiblinin bildirdiyinə görə bütün bu tapıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq, təhlil ediləcək, bu barədə Prokurorluğa və geniş ictimaiyyətə ətraflı məlumat veriləcək.

www.parla.az