Azərbaycanlı alimin məqaləsi Almaniyada dərc olunubbackend

Azərbaycanlı alimin məqaləsi Almaniyada dərc olunub

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin məqaləsi Avropada arxeologiya sahəsində ən sanballı nəşrlərdən olan “Archäologie in Iran und Turan” (Band 19) toplusunda alman və rus dillərində dərc edilib. Almaniya Arxeologiya İnstitutunun elmi dövri nəşri olan bu topluda Avrasiyada aparılan arxeoloji tədqiqatların nəticələri yer alıb.
İnstitutdan PARLA-ya bildirilib ki, “Cənubi Qafqazın Leylatəpə mədəniyyəti Ön Asiya və cənubi-şərqi Avropanın ənənələrinin kəsişməsində” adlı məqalədə e.ə. IV minilliyin birinci yarısına aid müvafiq arxeoloji mədəniyyətdən bəhs edilir. Qeyd edilir ki, mənşəyi ilə Şərqi Anadolu-Şimali Mesopotamiyaya bağlı olan bu mədəniyyət Cənubi Qafqazda formalaşıb.
Məqalədə Leylatəpə mədəniyyətinin yaşayış yerləri, qəbir abidələri, kütləvi arxeoloji materialları bir tərəfdən Ön Asiya, digər tərəfdən Şimali Qafqazın həmdövr Maykop mədəniyyətinin analoji tapıntıları ilə müqayisəli təhlil edilib. Müəllif bu təhlillərlə Xalkolit dövrü Leylatəpə mədəniyyətinin Ön Asiya və Qafqazın qədim tarixində yerini, Avropa və Asiyanın qədim əhalisinin mədəni-iqtisadi əlaqələrində rolunu müəyyənləşdirib.
Eyni zamanda, məqalədə yüz ildən artıq müddətdə tədqiq edilən Maykop mədəniyyətinin məhz Leylatəpə mədəniyyəti ənənələrinin təsiri altında yarandığı və Maykop mədəniyyətinin əvvəllər hesab edildiyi kimi İlk Tunc dövrünə deyil, buna qədərki Xalkolit dövrünə aid olduğu faktlarla əsaslandırılıb.

www.parla.az