“Azərbaycanın növbəti parlament iclasları Şuşada keçiriləcək” – AÇIQLAMAbackend

“Azərbaycanın növbəti parlament iclasları Şuşada keçiriləcək” - AÇIQLAMA

“Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri təxribata cavab olaraq Azərbaycan ordusu əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməkdədir”.

PARLA xəbər verir ki, bunu deputat Elman Nəsirov bildirib.

Deputat qeyd edib ki, ölkəmizin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində və Təhlükəsizlik Şurasının toplantısında bildirib ki, düşmənə sarsıdıcı zərbələr vurulur: “Düşmən geriləməkdədir və bir çox yaşayış məntəqələri azad olunub. Bu gün Azərbaycan Ordusunun döyüş əhval-ruhiyyəsi yüksəkdir. Hazırda mən Cəlilabaddayam. İnsanların əhval-ruhiyyəsi ən yüksək səviyyədədir. Hətta 73 yaşlı ahıl kişi də bizə müraciət edib söylədi ki, mənə kömək edin, ön cəbhəyə gedim. Mənim də bu qələbədə töhfəm olsun. Bütün bunlar onu göstərir ki, gənclərin və yaşlıların vətənpərvərlik hissi ən yüksək həddədir. Hər bir Azərbaycan vətəndaşı qələbəyə öz töhfəsini vermək istəyir. Düşmən geriləməkdədir”.

Deputat vurğulayıb ki, hazırda düşmənə axır zərbələr vurulmaqdadır: “Nikol Paşinyan beynəlxalq təşkilatlara, Rusiyanın, Fransanın və digər ölkələrin prezidentlərinə zəng vurub, yalvarır ki, ay aman, gəlin kömək edin. Yoxsa Azərbaycan Silahlı Qüvvələri bizi darmadağın edərək, sonumuzu çatdıracaq. Ermənistan hazırda belə bir vəziyyətdədir. Hətta işğalçı dövlətin müdafiə naziri belə danışıqlara getməyə hazır olduqları ilə bağlı bəyanatlar verirlər. Bu gün cənab Prezidentin sərəncamı ilə ölkəmizdə qismən səfərbərlik elan edilib. On minlərlə gənc döyüşə getmək istədiyini söyləyir. Lap yaxın zamanda üçrəngli bayrağımızı Şuşada, Xankəndində və digər işğal olunmuş ərazilərimizdən asacağıq. Qondarma rejim özünün qondarma parlamentini Şuşaya köçürmək niyyətindən danışırdı. İnanıram ki, Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz Şuşanı işğaldan azad etdikdən sonra Azərbaycanın növbəti parlament iclasları orada keçiriləcək. Biz buna inanırıq. Əlbəttə hər birimiz bu qələbəyə öz töhfəmizi verməliyik”.

www.parla.az