Azərbaycan Ordusu iki istiqamətdə Kəlbəcərə daxil oldu – VİDEObackend

Azərbaycan Ordusu iki istiqamətdə Kəlbəcərə daxil oldu - VİDEO

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

PARLA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin bildiriblər ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

 

Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlının sözlərinə görə, Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub: “Bu, Göygöl rayonunun Toğanalı kəndi və Daşkəsən istiqamətləridir. Hazırda bölmələrimizin hərəkəti davam edir və bölmələrimiz müəyyən olunmuş marşrutlar üzrə müəyyən olunmuş məntəqələrə çıxacaq. Azərbaycan Ordusu Kəlbəcəri tam nəzarətə götürəcək”.

“Noyabrın 25-i gecə saatlarından mühəndis işləri görülüb. Ərazilər, yollar, çətin keçilən dağlıq yollar minalardan təmizlənib. Döyüş, avtomobil texnikalarının və şəxsi heyətin Kəlbəcər istiqamətinə keçidi üçün hər cür rahat şərait yaradılıb. Bildiyiniz kimi Kəlbəcər hündür, dağlıq ərazidir və hündürlük demək olar, 3 500 metrdən artıqdır. Azərbaycan Ordusunun bölmələri belə ağır şəraitdə Kəlbəcərə daxil olaraq oranı nəzarətə götürəcək.

Bölmələrimiz ilk olaraq hərəkət edərək Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli Bəyanatla müəyyən edilmiş ərazi olacaq. Bu barədə sonradan məlumat veriləcək”, – deyə Vaqif Dərgahlı əlavə edib.

www.parla.az