27 il ad günü keçirməyən Flora Kərimova haqqında bilmədikləriniz – FOTObackend

27 il ad günü keçirməyən Flora Kərimova haqqında bilmədikləriniz - FOTO

Xalq artisti Flora Kərimova bu gün 79 yaşını qeyd edir. Daha doğrusu qeyd etmir. Çünki onun ad günü ilə Ağdamın işğalı eyni tarixə düşür.

Flora Kərimova 1941-ci il iyulun 23-də dünyaya göz açıb.

Əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir.

Yüksək sənət keyfiyyətləri ilə bərabər, insani keyfiyyətləri çox yüksək olan bir şəxsdir Flora Kərimova. Həyatı təqiblər və qadağalarla keçib.

Flora Kerimova ilk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə alıb. Belə ki, Sara Qədimova, Şövkət Ələkbərovadan sonra oxumalı olan erməni əsilli müğənni, çox zildən Qarabağ şikəstəsini oxuyub. Növbəti çıxış Flora Kərimovanın idi və sənətkar konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, elə Qarabağ şikəstəsini 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirib. Lakin Bakıya qayıtdıqdan sonra o dövrkü Mədəniyyət nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırmışdılar.

Ən uzunmüddətli qadağanın tarixcəsi isə daha maraqlı olub. O dövrdə Moskvada belə qərara alınmışdır ki, hər respublikadan bir nəfərə SSRİ Xalq artisti adı verilsin. Flora Kərimovanın Moskvanın Mərkəzi Televiziyasının sifarışı ilə çəkilmiş musiqili filmdəki ifasından mütəəssir olan SSRİ Mədəniyyət Nazırliyinin əməkdaşları, Azərbaycandan seçiləcək sənətkarın Flora Kərimova olmasını istədiklərini bildirmişdirlər. Bu qərarın əsas səbəbi sənətkarın fantastik ölçülərə malik səs imkanlarının olması idi və bundan əlavə FLora Kərimova bir çoxlarından fərqli olaraq, Ali Musiqi Təhsilinə malik idi. Həm Asəf Zeynallı adına musiqi məktəbini, həm də Konservatoriyanı bitirmişdir, həm də rus dilini sərbəst bilirdi. Bunlar o dövrdə, ziyalı üçün vacib şərtlər idi. Lakin son anda elə sənətkarın özü bu məsələni alt-üst etdi. Belə ki, o dövrdə SSRİ Xalq artisti adını almaq üçün əvvəl Azərbaycan SSR Xalq artisti adını, sonra isə Ermənistan SSR xalq artisti adını almaq lazım idi və ancaq bundan sonra SSRİ xalq artisti adını verəcəkdilər. Əvvəlcə hər şey yaxşı getsə də, söhbət Ermənistan SSR xalq artisti adına gəldikdə Flora Kərimova qətiyyətlə fəxri adları almaqdan imtina etdi.

Buna görə SSRİ hakimiyyəti Flora xanıma aid olan bütün əsərləri arxivdən silməyə başlayır. Lakin xalqın sevgisi nəticəsində sənətkara aid əsərlərin əksəriyyətinin 2-ci nüsxəsi gizlədilərək bu günümüzə kimi gəlib çatıb.

Flora Kərimova daima xalqın içində olub. Xeyirində də, şərində də. 1990-cı ildə 20 Yanvar hadisəsi törədiləndə meydana çıxan yeganə sənətçi Flora xanım idi. O, 20 Yanvar hadisələrini belə xatırlayır:

“Sənət adamları arasında ümumiyyətlə, mübarizədə heç kimi görmədim” deyir: “Əksinə, bir sənət adamı mənə küçəyə çıxdığım üçün rişxənd edirdi. O, dünyasını dəyişib, Allah rəhmət eləsin, ad çəkmək istəmirəm. Küçədə mən qadınları qabağa-əsgərlərin üstünə aparanda, orada ermənilər də var idi. Allah o dünyasını versin, həmin xalq artisti MDB klubunun qarşısında dayanmışdı. Çox istehza ilə mənə baxırdı. Xatırlayıram ki, qadınlar zəncirvari bir-birinin qoluna girmişdilər. Qabaqda mən gedirdim, arxamda bir qadın gedirdi, əynində qara köynək vardı. Şəklimiz də var. Çöndüm, arxaya baxdım görüm kim gəlir. Gördüm ki, arxamda mötəbər elm qadınları var. Onların arasında Əminə Dilbazini gördüm, ürəyim dağa döndü. Mən risk olan yerdə həmişə olmuşam, amma heç bir sənət adamına orada rast gəlməmişəm.

Tankın qabağına getmişəm, erməni əsgərlərinin üzərinə yerimişəm, onları yoldan qaytarmışam. Amma bir sənət adamını yanımda görməmişəm. O günləri xatırlamaq mənə üçün çox ağırdır. Ayaqlarını paçalayıb, yalandan “Vətən, Vətən” deyə qışqıranlara nifrətim var. Hansısa müğənni vətənpərvərlik mövzsunda mahnı oxuyanda, özlüyümdə düşünürəm ki, birdən hardansa bir güllə səsi eşidildi, səni hansı çarpayının altından çıxaraq? ”

Flora xanımı ad günü münasibətilə təbrik edir və ona möhkəm can sağlığı arzulayırıq.

www.parla.az