Zod-Kəlbəcər yolu bağlandı – SƏBƏBbackend

Zod-Kəlbəcər yolu bağlandı - SƏBƏB

Azərbaycan Ordusunun düşmən təxribatına qarşı işğal olunmuş torpaqlarımız – Qarabağda keçirdiyi cavab tədbirləri erməniləri qorxuya salıb.

Sputnik Ermənistan xəbər verir ki, ermənilər qorxuya düşərək Kəlbəcərə gedən yolu bağlayıblar.

Belə ki, Ermənistan Fövqəladə Hallar Nazirliyi təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz – Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər, o cümlədən Talış yüksəkliyi nəzarətə götürülüb.

www.parla.az