Hikmət Hacıyev: “Xocalı soyqırımına ədalətli qiymət verilsəydi, Ruanda soyqırımı olmazdı”backend

Hikmət Hacıyev: "Xocalı soyqırımına ədalətli qiymət verilsəydi, Ruanda soyqırımı olmazdı"

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alması ilə bağlı brifinq keçirilib.

PARLA xəbər verir ki, brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov iştirak edib.

Brifinqdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ilkin istintaqın nəticələrinə dair, o cümlədən, digər əhəmiyyətli mövzularla bağlı məlumat verilib.

“Həmişə bunu hüquqşünaslar da qeyd edirlər ki, Holokost o zaman Holokost oldu ki, Nürnberq məhkəməsində öz hüquqi qiymətini aldı. Bu gün də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu kimi cinayət əməlləri Avropa İnsan Hüquqları Məhkəməsində bir epizodda, yəni “Çıraqov Ermənistana qarşı” işi üzrə aparılan iş çərçivəsində öz ilk hüquqi qiymətini almışdı. Amma bütün bu əməllərin kompleks şəkildə qiymətləndirilməsi üçün beynəlxalq məhkəmə mexanizmlərinin və hərbi tribunalların yaradılmasına ehtiyac var ki, Ermənistanın siyasi-hərbi rəhbərliyində bu gün təmsil olunan şəxslər, həmçinin əvvəlki dövrlərdə də Azərbaycan xalqına qarşı cinayət əməllərini və insanlıq əleyhinə qarşı cinayət əməllərini törətmiş insanlar qanun qarşısında, yəni beynəlxalq ədalət mühakiməsi qarşısında cavablarını vermiş olsunlar. Bu, heç bir halda qisas deyil, bu, ədalətin təntənəsidir. Bu kimi cinayətlərin cəzalandırılmaması, bu qəbildən cinayətləri törədən şəxsləri daha da həvəsləndirir. Ermənilərin 1992-ci ildə törətdiyi Xocalı soyqırımına ədalətli qiymət verilsəydi, Ruanda soyqırımı olmazdı”- deyə Hikmət Hacıyev qeyd edib.

Baş prokuror Kamran Əliyev bildirib ki, sentyabrın 27-dən bu günədək 91 nəfər həlak olub, 400 nəfər yalaralanıb. 4 uşaq hər iki valideynini itirib.

Onun sözlərinə görə, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 428, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 442-dir.

K.Əliyev həmçinin vurğulayıb ki, hücumlar nəticəsində Gəncədə 26, Goranboyda 22, Ağdamda 7, Bərdədə 27, Füzulidə 3, Beyləqanda 2, Ağcabədidə 1 mülki şəxs həlak olub.

www.parla.az