Əməliyyat masasında “Qarabağ” mahnısı oxuyan əsgər: “Həkimlər dedi ki, özünü yaxşı hiss edirsənsə oxu, lentə alaq”backend

Əməliyyat masasında "Qarabağ" mahnısı oxuyan əsgər: "Həkimlər dedi ki, özünü yaxşı hiss edirsənsə oxu, lentə alaq"

Əməliyyat masasında oxuduğu mahnı ilə gündəm yaradan xanəndə-müğənni Məbud Əhmədovun Moderator.az-a müsahibəsini təqdim edirik:

– Məbud, cəbhəyə könüllü yollanmışdız?
– Mən Milli Konservatoriyanı bitirib, aprel ayında hərbi xidmətə yollanmışam. Könüllü deyildim, əsgər idim.
İş yeriniz hara idi?
– Hərbi xidmətə gedənə qədər Akademik Musiqili Teatrında solist olaraq səhnəyə çıxırdım. Həm də ATV telekanalında yayımlanan “3-üz” verilişində müğənni-solist kimi fəaliyyət göstərirdim.
– Əməliyyat masasında “Qarabağ” mahnısını ifa etmisiniz. Çətin situatsiyada mahnı oxumaq hardan ağlınıza gəldi?
– Əməliyyat olunurdum. Həkim əhval-ruhiyyəmi soruşmaq üçün məni sorğu-sual etdi. Müğənni olduğumu biləndən sonra dedi ki, əgər özünü yaxşı hiss edirsənsə bizim üçün bir mahnı oxu, lentə alaq. Oxuyandan bir gün sonra bu video bütün sosial şəbəkələrdə yayılmağa başladı.
Sizi bu ifadan sonra tanıyanlar daha da artdı..
– Bu çox qürurvericidir. Həm müharibə iştirakçısı olmaq, həm də xanəndə. Həqiqətən də müharibədə əsgər olduğuma görə fəxr edirəm.
– Hal-hazırda özünüzü necə hiss edirsiniz?
– Hal-hazırda ağrılarım var. Həkimlərimizin sayəsində inşallah ki, tezliklə sağalaram.
– Bədəninizin hansı nahiyəsindən yaralanmısız?
Bir qolumda qəlpə yarasıdır, bir də sağ ayaq barmağım sınıb.
 
– Yenidən hərbi xidmətə qayıtmaq istəyiniz var?
– Əlbəttə! Hal-hazırda xəstəxanadayam, ümid edirəm ki, tezliklə sağalıb öz döyüş yoldaşlarımın yanına gedəcəm. Necə deyərlər, “Hər şey vətən üçün”.. Qələbə bizimlədir. Sizə də təşəkkür edirəm, səhhətimi maraqlandığınız üçün…

www.parla.az