Əhməd Məmmədov: “Çəkəcəyin foto kiminsə həyatı bahasına başa gələ bilər”backend

Əhməd Məmmədov: “Çəkəcəyin foto kiminsə həyatı bahasına başa gələ bilər”

Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyi bir ərəfədə informasiya sahəsində də əks-hücumların aparılması mühüm əhəmiyyət kəsb etdi. Düşmənin hərbi cinayətləri nəticəsində dağıntılara məruz qalan bölgələrimizdə ən qaynar hadisələri ictimaiyyətə ötürən jurnalistlərimiz, hərbləşən reportyorlarımız kameraları, qələmləri ilə döyüşdülər. 

“Həftə içi” döyüş əməliyyatlarının getdiyi zonalara ezam edilən jurnalistlərimizlə hazırladığı müsahibələr silsiləsini bu dəfə ATV-nin əməkdaşı, həmkarımız Əhməd Məmmədovla davam etdirir.

– Əhməd bəy,  müharibə başlayanda ilk olaraq hara ezam olunmuşdun və ilkin təəssüratlarını nə oldu? Ümumiyyətlə, müharibəni ilk dəfə görən jurnalist üçün o dəhşətli mənzərəni müşahidə etmək nə idi?

– Müharibə başlayan ilk gündən mən də  döyüş bölgələrində oldum. İlk ezam olunduğum yer Goranboy rayonunun Tapqaraqoyunlu kəndi idi. 27 sentyabr bilirsiniz ki, müharibənin qızğın dövrü hesab olunurdu. Orada baş verənləri sözlə ifadə eləmək çətindir. Hər an sağdan-soldan yanına mərmilər düşürdü. Mərmilərin haradan gələcəyini bilmirsən. Belə bir vəziyyətdə sən həm özünü qorumalısan, həm də informasiya toplayıb onu çatdırmalısan.

Həmin ərəfələrdə Naftalan şəhərində olduq. Ermənistan silahlı birləşmələrinin növbəti dəfə toplarla atəş açması nəticəsində Qaşaltı Qaraqoyunlu kəndinin sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olmuşdu. Bu dəhşətli mənzərəni, insanların ağrı-acısını lentə almaq bizim üçün çox çətin idi. Müharibədə həm də arxa cəbhənin əsgərləri idik. Bizim olduğumuz kəndlər mütəmadi olaraq atəşə tutulurdu. Belə bir vaxtda dağıntılara, itkilərə məruz qalan kənd camaatı düşmənin gülləsindən çəkinmir, ruh yüksəkliyini itirmirdilər. Deyirdilər ki, Azərbaycan əsgəri öndə bu Vətən üçün döyüşüb canını verirsə, biz niyə qorxmalıyıq? Evimiz, malımız vətənə qurban olsun.

Goranboy rayonunda belə bir hadisə ilə qarşılaşdıq. Orda İncəçay deyilən bir yer var. Çəkilişlər aparmaq, camaatla, hərbçilərlə görüşmək üçün oraya yollandıq. Həmin ərazidə olarkən düşmən aviabomba atdı. O dəhşətli partlayışlardan həyatımızı “qıl payı” ilə qurtarsaq da,  amma yenə də informasiyanı toplayıb efirə verdik. Bir sözlə, həm müharibənin canlı şahidi olduq, həm də informasiya müharibəsi apardıq.

– Sən bundan əvvəl müharibə görməmişdin. Necə hesab edirsən, müharibəni görməyən gənc bir insan, jurnalist üçün birbaşa müharibəyə atılıb, qorxu, həyəcan hissi altında o informasiyaları ictimaiyyətə ötürməyin nə dərəcədə uğurlu alındı?

– Bilirdik ki, müharibə gedən ərazilərə gedirik.  Orada baş verə biləcəkləri təsəvvür eləmirdik. Sentyabrın 27-dən başlayaraq həmin ərazilərdən bacardığımız qədər informasiyalar toplayıb, camaata çatdırırdıq. Dəhşətli səhnələri görmək çox çətin idi. Mən adi hərbi xidmət keçmiş adamam, amma heç vaxt müharibə içərisində olmamışdım. Sentyabrın 27-dən başlayaraq düz, 17 gün döyüş bölgələrində oldum, hadisələri müşahidə elədim. Gəncəyə ballistik raket atılanda şəhərin yaşadığı o dəhşətləri gördüm. Gəncə bazarına raket atılanda biz paralel küçədə çəkilişlər aparırdıq. Həmin an çox həyəcan keçirdik, sürücümüz də, biz də ilk anda yerimizdə donub-qaldıq.  Bir an o dəhşətli partlayışın səsi bizi yerimizdə dondurdu. Nə baş verdiyini anlamadıq, çünki ilk dəfə idi belə səs eşidirdik. Əraziyə raket düşür və çox dəhşətli səsin yaratdığı vahiməyə baxmayaraq, sən bir reportyor olaraq özünü itirməməlisən.  Efirə çıxışlarımızda avtomatik olaraq o həyəcanı insanlara ötürürdük. Bu hissləri düşünərək, istəyərək deyil, hadisənin səndə yaratdığı  həyəcan vasitəsilə çatdırırsan.  Bu da efirdən açıq-aşkar hiss olunurdu…

– Bizim mətbuatda hərbi jurnalistikanın yetərli olmaması, bu ərəfələrdə özündə olan boşluqları nədə göstərdi? Ümumiyyətlə, hərbi jurnalistika sahəsində olan vəziyyəti necə dəyərləndirirsən?

– Bizim hərbi jurnalistlər var idi ki, onlar müxtəlif vaxtlarda, müxtəlif ölklərdə döyüş bölgələrində olmuşdular, müəyyən təcrübəyə malik idilər və bizə harda, necə dayanmaq lazım olduğunu, nəyin, necə olduğunu deyirdilər. Orada başa salırdılar ki, əgər mərmi düşürsə, vıyıltı səsi eşidirsənsə, bir küncə sıxılmalısan, yerə uzanmalısan və sair.  Mənim bu günə qədər təcrübəm olmamışdı. Bu da bizim Vətən Müharibəsidir, sən də döyüş bölgəsinə getməlisən və informasiyanı çatdırmalısan.  Düşünürəm ki, bundan sonra jurnalistlərimiz hərbi təlimlərə cəlb olunacaqlar.  Demək olar ki, mən bu təcrübədən keçdim, artıq bilirəm ki, raket atılanda nə etməlisən. O səsi eşitdinsə, avtomatik olaraq yerə uzanmalısan, bir küncə sıxıla bilərsən, zirzəmi varsa, ora düşə bilərsən. Təbii  ki, əynində jiletin, kaskan olmalıdır. Raket səndən 100 metr aralıya düşə bilər. O zaman, ən azı, qəlpələrdən özünü qoruya bilərsən. Yanına düşsə, artıq bu sənin taleyindir, xilas olmağın mümkün olmayacaq.

– Neçə vaxtdır döyüş bölgələrinə getmirsən və həmin o dəhşətli anları unudub, o auradan ayrıla bilmisənmi?

– Oktyabrın 17-də döyüş bölgəsindən Bakıya  qayıtdım.  Özüm burada olsam da, mənəvi olaraq düşüncəm, ruhun orada idi.  Orada hər an yuxudan səksəkəli dururdum, bir səs olmayanda narahat olurdum ki, niyə səs yoxdur, görəsən nə baş verir? Qayıdandan sonra, buna adaptasiya oldum. Bakıda insanlarda o coşqunu, ruh yüksəkliyini gördükcə, bunlar mənə yeni motivasiya verirdi.  Yenidən döyüş bölgəsinə qayıtmaq istəyirdim, halbuki mənə 15 günlük istirahət vermişdilər. Bu müddətdən sonra yenidən getməyə cəhd edirdim,  amma elə oldu ki, biz müharibəni qələbə ilə başa vurduq.

– Hansı hadisə ağlından çıxmır?

– Gəncə hadisəsində mülki insanlar həyatını itirdilər. Yanımızda yaralananlar da oldu. Gəncədə raket zərbəsindən sonra bir ailənin bütün üzvlərinin həlak olmasının şahidi oldum. Orada uşaqlar qalmışdı. Həmin uşaqların üzündəki həyəcan, qayğı hələ də yadımdan çıxmayıb. Bunu sözlə ifadə etmək mümkün deyil, gərək o hadisələrin şahidi olasan.

– Adətən, müharibədə hərbçilərlə-jurnalistlər müəyyən məqamlarda bir-birinə rəqibdir. Yəni hərbçilər məlumatı sirli saxlamağa çalışdığı bir vaxtda, jurnalistlər daha çox hadisələrin içinə daxil olub, daha çox məlumat toplamaq, daha ətraflı reportajlar yaymaq istəyirlər. Vətən müharibəsində  jurnalist olaraq hərbçilərlə bu müstəvidə qarşılaşmanı nə dərəcədə hiss edə bildiniz? 

– Biz bu situasiyanı tam anlayışla qarşılayırdıq.  Hərbçilərimizin bizə verdiyi  marşrut xəritəsi üzrə hərəkət edirdik. Yəni özbaşına hara gəldi, necə gəldi, hərəkət etmək müharibə qaydalarına uyğun olmazdı. Müstəqil şəkildə gedib haradasa çəkilişlər aparıb, kadrları efirə verməklə, düşmənə koordinatlar vermiş olardıq. Ona görə də mərkəzləşdirilmiş şəkildə, hərbçilərin məsləhəti əsasında  hərəkət edirdik. Bu, həm də bizim təhlükəsizliyimiz baxımından zəruri idi.

– Müharibəyə gedən hərbi jurnalist də bir mülki şəxs hesab olunur və o, özünü qorumağı bacarmalıdır. Bunu necə edə bildin?

– Təlimata əsasən özümüzü maksimum qorumağa çalışırdıq. Nəsə olsaydı da, biz heç bir əsgərdən artıq deyildik. Çalışırdıq ki, informasiyanı vaxtlı-vaxtında çatdıraq. Biz minalanmış sahələrə ANAMA əməkdaşları oraları zərərsizləşdirəndən sonra daxil olurduq, çəkilişlər aparırdıq. Xüsusi lentlənmiş sahələrdə  çəkilişlər aparmırdıq. Aparsaydıq da bu, xüsusi fərdi mühafizə vasitəsilə edilirdi. Orada raketlərin qalıqlarını, düşmənin hansı qadağan olunmuş silahlardan istifadə etdiyini  göstərirdik. Belə məqamlarda özümüzü qorumaq da vacib idi. Həmin yerlərdə də təlimata uyğun hərəkət edirdik. Hara ayaq qoymaq olar, hara olmaz… Məsələn, mən ilk jurnalist qrupunda işğaldan azad edilmiş Talış kəndində oldum. Orada da jurnalistlər, hamımız bir cığır üzrə hərəkət edirdik. Həmin cığırdan çıxıb digər hissələrə getməyimizə icazə verilmirdi, çünki orada hər an düşmənin təxribatı ola bilərdi. Biz konkret kadrları lentə aldıq. Fərdi mühafizə dəstəmiz var idi, onlar bizi qoruyurdu.

 

– Bizim müharibədə həm də xarici jurnalistlər iştirak edirdilər. Müqayisə aparsan, bizim jurnalistlər o xarici jurnalistlərin iş prinsipinə nə dərəcədə yaxınlaşa bildi?   

– Orada olan xarici jurnalistlərin çoxu müharibədə iştirak etmiş jurnalistlər idilər. İlk günlərdə onların təcrübəsi bizdən çox ola bilərdi. Sonradan biz də onlardan geri qalmadıq. Demək olar ki, bütün hadisələrdə onlarla çiyin-çiynə iştirak etdik. Üstünlükləri bu idi ki, onlar bu xəbərləri dünyaya çatdırırdılar, biz isə Azərbaycan ictimaiyyətinə.

Yaxşı olardı ki, gələcəkdə Azərbaycan jurnalistlərindən ibarət qruplar xarici ölkələrdə döyüş gedən bölgələrə göndərilsinlər. Bu, ölkə jurnalistikasının bütün sahələr üzrə inkişafını təmin edə bilər. Məsələn, burada Türkiyə jurnalistləri Suriya təcrübələrindən danışırdılar. Biz isə o  müharibə təcrübəsini burada gördük. Jurnalistlər baş verən dağıntılarda, raket dağıntıları zamanı insanlıq anlayışının da əsas olduğunu nümayiş etdirdi. Məsələn, AZTV-nin əməkdaşı dağıntılar arasında qalan bir qadına kömək edərkən yaralandı. Hesab edirəm ki, bu, doğru addım idi. Belə məqamda informasiya ikinci plana keçə bilir.

– Jurnalist kimi cəbhəyə getməyini evdə, ailədə necə qarşılayırdılar?

– Təbii ki, ailədə də  çox yaxşı bilirdilər ki, bu, müharibədir və buna görə də məlum hiss, həyəcan yaşanırdı. Heç kəs deyə bilməz ki, mənim evdə ailəm, yoldaşım, anam, atam narahat olmayıb. Narahat idilər, amma onlar üçün də qürurverici idi ki, övladları ön cəbhədədir. Onlar qürurlanırdılar ki, müharibənin dəhşətini ilk görənlərdənsən, bunu kimsə televiziya vasitəsilə izləyirsə, sən onu çəkirsən və camaat sənə baxır.  Bu, ancaq  qürur hissləri yarada bilər.

– Vətən Müharibəsində qələbə qazanmış bir ölkənin jurnalisti olaraq hazırkı sülhməramlılarla bağlı prosesləri, sosial medianın müharibə ilə bağlı yaydığı informasiyaları hansı aspektdə, necə dəyərləndirmək olar?

– Mən bunu Azərbaycanın yekdil qələbəsi kimi qəbul edirəm. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan Bayrağı bütün ərazilərimizdə dalğalanacaq. Rusiya sülhməramlılarının Qarabağa gəlişi diplomatik müstəvidə təhlil olunan məsələdir. Bir jurnalist olaraq prosesləri izləyəcəyik.

Digər tərəfdən düşünürəm ki, yayılan informasiyalara həssas yanaşılmalıdır. Sosial şəbəkə hesablarında dəqiqləşməmiş məlumatlar yayılmamalıdır. Hər birimizin bir yaxını var. İnsanları təşvişə salacaq, insanları çaşdıracaq sözlər deyilməməlidir. İstər televiziya olsun, istərsə də sosial şəbəkə, diqqətli olmalıyıq. Rəsmi mənbələrə istinad olunan məlumatlar verilməlidir.  Yaxşı hal idi ki, müharibə zamanı internet məhdudlaşdı və bu da müəyyən mənada belə informasiyaların qarşısını aldı, amma yenə də düzgün olmayan məlumatlar verildi. Bununla bağlı, hətta Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıqlar da edildi, iradlar bildirilsə də, amma yenə də insan faktorudur. Burada hissə qapılıb nəsə eləmək yox, düşünərək ağılla hərəkət etmək lazımdır. Dediyin bir söz, çəkəcəyin bir foto kiminsə həyatı bahasına başa gələ bilər.

Müharibə ilə bağlı son təəssüratlarımız, təbii ki, yüksək oldu. Noyabrın 10-da Bakıda hazırladığımız reportaj tamamilə fərqli idi. İnsanlarımızda çox böyük ruh yüksəkliyi var idi – böyük coşqu, izdiham. Belə vaxtlarda sözə yer vermirdik, çünki o izdiham özü danışırdı. Düşünürəm ki, bu müharibədə özü danışan görüntülər çox idi.

www.parla.az