LED işıqlandırma zamanı edilən səhvlər

blog

LED işıqlandırma zamanı edilən səhvlər

LED lampaların digər lampalardan üstün olması barədə məlumat bu  səhifədə verilmişdir . Ancaq LED işıqlandırmaya keçərkən, aşağıdakı məqamlara diqqət edilməlidir:

Birbaşa işıq-LED işıqlandırma şüalarını birbaşa saçır. Yəni ənənəvi lampa  ətrafa eyni dərəcədə işıq saçırsa, əksər LED lampalar işığı düz qarşısındakı tərəfə vurur. Bu bəzi stolüstü lampa kimi aydınlatmalarda heç də uğurlu seçim olmaya bilər. LED lampa seçərkən, işıq yayma dərəcəsinin (“beam angle”) neçə olduğuna diqqət etmək lazımdır.

Çox parlaq işıq-LED lampaların 1 vatta düşən işıq məhsuldarlığı ənənəvi lampalardan 10-15 dəfə çox ola bildiyi üçün və əksər istehlakçılar işıq gücünü təyin etmək üçün qablaşdırmada enerji istifadəsi (vatt) göstəricisini əsas götürdüyü üçün, səhvən lazım olandan çox parlaq LED lampa ala bilərlər. Bu nəinki lazımsız enerji sərfiyyatı, hətta gözlərin sağlamlığı baxımından məqsədəuyğun deyil. Odur ki, LED lampa alarkən, qablaşdırmada enerji sərfiyyatı (vatt) deyil, parlaqlıq (lümen) ölçülərinə diqqət edilməlidir.

Çox mavi yaxud çox sarı işıq -ənənəvi lampalar standart olaraq açıq sarımtıl rəng ilə istehsal olunurdu. Lakin LED-lər çox sarı (2000k) və çox ağ (6000k) rəngdə ola bilər. Ağ rəng işıq istifadəçini daha ayıq qalmasına kömək edirsə, sarı işıq daha sakit bir mühit yaratmaqda kömək edir. Seçim edərkən, lampanın təyinatı (kitab oxumaq, ümumi işıqlandırma və s.) və hansı otaqda (hamam, yataq otağı və s.) olacağını qərarlaşdırmalı və ona uyğun lampa seçilməlidir. Bu göstəricilər qablaşdırmanın üzərində bəzən sözlə, bəzən isə göstəricilərlə (məsələn 2700k-sarı, 3000-açıq sarımtıl, 6000k-çox ağ) qeyd olunur.

Azalıb-artırılan işıqlar -bəzi işıqlandırma mənbələri işığın gün ərzində istifadəçi tərəfindən azaldılıb-artırılmasına imkan verir və istənilən ənənəvi lampa bu işdə ona asanlıqla kömək olur. Lakin LED lampalar bu cür cihazlarda işləyə bilmir, sayrışmağa, uğuldamağa, hətta tez sıradan çıxmağa başlayır. Odur ki, istifadə edəcəyiniz işıqlandırma mənbəyi üçün işığı azaldılıb-artırıla bilən (“dimmable”) LED lampa seçmək lazımdır.

Ətrafdakı rənglər- LED işıqlandırma ətrafdakı rəngləri çox solğun göstərə bilər. Qablaşdırmadakı CRI göstəriciləri lampanın günəş işıqlandırmasına nə qədər yaxın olduğunu göstərir. Rəqəm nə qədər yuxarıdırsa, deməli işıqlandırma reallığa o qədər yaxındır. Ənənəvi və halogen lampaların CRI göstəricisi 100 olsa da, əksər LED lampalarda bu göstərici 80-85 olur. Odur ki, LED lampa alarkən, işıqlandırmanın evinizin dizaynından rəngləri fərqli göstərə biləcəyindən xəbərdar olun.