LED haqqında

blog

LED haqqında

LED lampalar ənənəvi lampalardan fərqli olaraq, vakuumdan və yaxud qazdan (spiral formalı kompakt və aşağı təzyiq civə işıq mənbələrindən ibarət fluoressensiya lampalarında olduğu kimi) işıq saçmaqla deyil, yarımkeçirici elementlərdən işıq saçmaqla aydınlatma edirlər. Belə lampalarda işığın əmələ gəlməsi elektrik cərəyanının diod kimi xarakterizə olunan LED mikro-çip vasitəsilə keçməsindən yaranır. Başqa sözlə desək, LED lampa ənənəvi və kompakt fluoresent lampalardan fərqli olaraq, enerjinin hər hansı maddəni qızdırması hesabına deyil, bir maddəni birbaşa parıldadaraq işıq əldə edilməsi sayəsində yanır. Bu səbəbdəndir ki, LED lampalar adi klassik lampalardan fərqli olaraq 90%-ə qədər enerji qənaətinə imkan yaradır. Adi lampalarda enerjinin böyük hissəsi qızmaya və sayrışmağa sərf olunursa, LED lampalarda enerjinin demək olar ki, hamısı müstəsna olaraq sayrışmaya sərf olunur.

LED texnologiyası 40 vatt  göstəricisinə malik ənənəvi lampanın yaydığı işığı LED lampa ilə sadəcə olaraq, 5 vatt əsasında  yaymaq imkanına malikdir. Digər bir misal kimi, 15V-lıq LED lampa, 100 vatt göstəricisinə malik ənənəvi lampanın yaydığı işığı təmin edə bilir. Qeyd edilməlidir ki, bəzi istehsalçılar tərəfindən keyfiyyətsiz LED lampa istehsalı nəticəsində qutuların üzərində qeyd edilən məlumatlar parlaqlıq haqqında həqiqəti əks etdirməyə bilər.

LED (ing. light emitting diod), Azərbaycanca “işıq yayan diod” deməkdir. Bir lampa üçün arzu olunan işıq parlaqlığından asılı olaraq, lampa  daxilinə 5-dən 100-ə kimi diodun yerləşdirilməsi mümkündür.

LED “birbaşa” işıq hasil edən mənbədir. Belə ki, ənənəvi və klassik fluoresent lampalardan (KFL) fərqli olaraq, mənbədən hasil edilən işıq ətrafa yayılmır, o, bir lazer kimi birbaşa qarşıdakı nöqtəyə sirayət edir. Belə bir texnologiyanın tətbiqi, enerjiyə qənaət etməkdə kömək etsə də, onun aydın yayılması üçün mürəkkəb mühəndislik tələb edir ki, işığın hər tərəfə vurulması təmin olunmuş olsun. Bundan başqa, standart olaraq, LED narıncı, qırmızı, yaşıl və mavi rənglərdən ibarət olur. Bu rəngləri ağ rəngə çevirmək üçün ya müxtəlif işıq rəngləri birləşdirilir, yaxud da diodun üzərinə fosfor yayılaraq altdan hasil olan  işığın ağ rəngdə təzahürünü təmin edilir. Fosfor LED üzərində olan və gözlə görülə bilən sarı rəngli maddədir.

LED-in qısa tarixi

Artıq 60 ildən çox funksional şəkildə mövcud olan LED texnologiyası rəqəmsal saatlarda, müxtəlif elektron məhsullar üzərindəki düymələrdə, işıqforlarda, cib fənərlərində və s. məhsullarda tətbiq edilməkdədir. Lakin ilk vaxtlarda LED işıqlar çox tutqun və ancaq yaşıl, mavi rənglərdə olduğu üçün onların lampa kimi istifadəsi məqsədəuyğun görünmürdü. İlk dəfə olaraq, kifayət qədər parlaqlığı olan mavi LED lampa 1994-cü ildə Yaponiyanın Nichia Corporation tədqiqatçısı Şuci Nakamura tərəfindən nümayiş etdirilmişdir. Daha sonralar LED istehsalçıları həmin kəşfi asanlıqla ağ işığa çevirməyin yollarını ixtira etdilər və bununla da kütləvi şəkildə LED lampaların istehsalına başlandı.  2002-ci ildə bir LED lampası 100-140 ABŞ dollarına başa gəlirdi, lakin təkmilləşən istehsal metodları sayəsində LED lampaların maya dəyərinin aşağı salınmasına nail olundu. Artıq Yaponiya, ABŞ, İngiltərə kimi inkişaf etmiş ölkələrdə yüksək qənaət potensiallı LED lampaların istifadəsi məcburi hal almışdır və klassik lampaların istehsalına  qadağa qoyulmaqdadır.

Sənayeləşmiş ölkələrində istehsal olunan  enerjinin 12%-ə qədəri aydınlatma texnologiyasından yararlanır. Enerji mənbələrinin get-gedə azalması, enerji istehsalı zamanı ətraf mühitə zərərin artması, əsasən də qaz/ neft və istehsalat məhsullarının yandırılması zamanı havaya buraxılan karbon dioksid faktoru fonunda, qlobal istiləşmənin artması enerjiyə daha çox qənaət edən işıqlandırma texnologiyalarının əldə edilməsinə təkan vermiş oldu.

LED lampa texnologiyasının xüsusiyyətləri

Ənənəvi və KFL-dan (spiral formalı) fərqli olan LED lampalar  3 prioritetlə fərqlənir:

İstilik idarəetməsi. Təbii olaraq, hər bir enerji mənbəyi özündən istilik ifraz etmək xüsusiyyətinə malikdir. LED lampalarda enerji əsasən işıqlandırmaya sərf olunsa da, lampanın tez bir müddətdə sıradan çıxmasının qarşısını almaq məqsədilə az miqdarda da olsa ifraz edilən istilik mütləq düzgün idarə edilməlidir. Bu səbəbdən keyfiyyətli LED lampaların daxilində istilik yayan alüminium lövhələr yerləşdirilir. Bu texnologiya əsasında  lampadan çıxan istilik ətrafa yayılır və o, lampanın yanmasına səbəb olmur.

Əməliyyat sistemi və yaxud drayver. LED lampaların daxilində (və ya xaricində) drayverlər mövcuddur. Bu drayverlər yüksək voltajı və qeyri-sabit cərəyanı aşağı voltaj və birbaşa cərəyana çevirir. Bu qayda ilə, LED lampaların istismarı daim tələb olunan dərəcədə stabil voltaj və cərəyan qəbul etməklə, uzunömürlü olur.

“Lümenin köhnəlməsi”. Ənənəvi və KFL tam işıq vermədikdə sıradan çıxmış hesab edilir. Lakin LED lampalar ənənəvi lampalar kimi qəfil “yanaraq” xarab olmur. LED lampalarda  “lümen köhnəlməsi” baş verdikdə, onlar xarab olmuş hesab edilir. Başqa sözlə desək, LED lampaların parlaqlığı 30% azaldıqda, onlar artıq sıradan çıxmış hesab edilir. Bir LED lampası xarab olduqda belə, o, xeyli müddətdə sayrışan və zəif işıq ifraz edə bilər , lakin bu məhsul artıq istifadəyə yararsız sayılır.

Digər xüsusiyyətləri. Xəttə qoşulan LED lampalar  qızmağa ehtiyac olmadan, dərhal aydınlatmaya başlayır. Bundan başqa, LED lampaların tez-tez söndürülüb-yandırılması onların istismar müddətinin qısalmasına səbəb olmur.

LED işıqlandırmanın zəif cəhətləri.

İşığı azaldıb-artırıla bilən cihazlar üçün xüsusi LED lampalar istehsal edilməlidir. Standart LED lampalar həmin cihazlarda istifadə edildikdə, sayrışma baş verir.

Təbii işığa yaxın rənglər əldə etmək sahəsində LED lampalar ənənəvi lampalardan geri qalır. CRİ (ing. color-rendering index), yəni rənglərin ötürülməsi əmsalı adlanan bu göstərici keyfiyyətli LED lampalarda 80 və daha yuxarı əmsala malik olur və bu rəqəm istifadə üçün məqsədəuyğundur. CRİ 75-dən aşağı olan lampaların daxili işıqlandırma üçün istifadəsi məsləhət görülmür.

LED lampaların sayrışma xüsusiyyəti  insan gözü üçün zərərlidir. Sayrışma olduqda, işığın çox tez-tez sönüb yanması baş verir. Keyfiyyətli LED lampalarda bu problem aradan qaldırıldığından, hər hansı sayrışan lampanın istifadəsi məqəsədmüvafiq hesab edilmir.  

Yüksək temperatur LED lampaların tez sıradan çıxmasına səbəb olur.